ABŞ-də “Azərbaycan və Qlobal Enerji Təhlükəsizliyi” mövzusunda panel keçirilib

ABŞ-də “Azərbaycan və Qlobal Enerji Təhlükəsizliyi” mövzusunda panel keçirilib ABŞ-nin Hudson İnstitutunda "Azərbaycan və Qlobal Enerji Təhlükəsizliyi" mövzusunda panel keçirilib.
Energetika
6 Fevral , 2024 20:39
ABŞ-də “Azərbaycan və Qlobal Enerji Təhlükəsizliyi” mövzusunda panel keçirilib

ABŞ-nin Hudson İnstitutunda "Azərbaycan və Qlobal Enerji Təhlükəsizliyi" mövzusunda panel keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, panel Azərbaycan ABŞ-dəkı səfirliyi və ABŞ-nin nüfuzlu Hudson İnstitutu düşüncə mərkəzinin əməkdaşlığı ilə baş tutub.

Tədbirdə ABŞ-də fəaliyyət göstərən müxtəlif diplomatik heyətlərin üzvləri, enerji sahəsi və düşüncə mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Paneldə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov, Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin baş elmi işçisi və direktoru Maykl Doran, Milli Təhlükəsizlik və Müdafiə, Xarici siyasət üzrə baş elmi işçisi Lyuk Kofi çıxış ediblər.

Səfir X.İbrahim açılış nitqində Azərbaycanın geostrateji əhəmiyyətinə diqqət çəkərək ölkəmizin enerji sektorunda oynadığı vacib rolu qeyd edib. E.Soltanov ölkəmizin enerji sektoru və ABŞ ilə əlaqələrimizin tarixindən, Azərbaycanın 19-cu əsrdən etibarən bu sahədə dünya miqyasında rolundan bəhs edib. Nazir müavini xüsusilə müstəqilliyimizin əldə olunmasından sonra ABŞ-nin ölkəmizin enerji sektorunun inkişafına verdiyi dəstəyi xatırladaraq, bunun suverenliyimizin möhkəmlənməsinə töhfə verdiyini qeyd edib. Azərbaycanın enerji sektorunun neft və təbii qaz sahələrindən sonra yaşıl enerji mərhələsinə keçdiyini bildirərək, ölkəmizin Xəzər dənizində yaşıl enerji dəhlizi yaratmağı hədəflədiyini söyləyib. Azərbaycanın bu kontekstdə neft və təbii qaz layihələrində əməkdaşlıq etdiyi şirkətlərlə yaratdığı etimad münasibətlərinin də əhəmiyyətli rol oynayacağı vurğulanıb. Bu xüsusda, "Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" və Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsini nəzərdə tutan "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in əhəmiyyətli rolunu qeyd edib. Nazir müavini ölkəmizin enerji siyasətinin qonşularının enerji təhlükəsizliyinə töhfə verdiyini də qeyd edib.

M.Doran müzakirələrdə Azərbaycan ilə əlaqələrin region ölkələri üçün həyati önəm daşıdığını deyib. Azərbaycanın ölçüsü və qonşuları onun daha böyük siyasi oyunçu olmağına müəyyən çətinliklər yaratsa belə, onun həmişə regional və qlobal səciyyəli layihələrin təşəbbüskarı və icraçısı olduğunu bildirib.

L.Kofi isə öz növbəsində xüsusilə Ukraynadakı müharibədən sonra Aİ-nın Azərbaycanla əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib. Onların təbii qazı yaşıl enerji kimi tanınmasını dəstəkləmələrinə və Azərbaycanın Avropaya təbii qaz ixracında önəmli roluna baxmayaraq, son zamanlar Azərbaycana qarşı ritorikanın dəyişdiyinin müşahidə edildiyini bildirib. Bununla yanaşı, o, Azərbaycan, Türkiyə və Ermənistan arasında normallaşmanın baş tutmasının regionda iqtisadi inkişafa da ciddi töhfə verəcəyi və indiyədək bu bölgəyə gəlməyən birbaşa xarici investisiyalar üçün münbit şərait yarada biləcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi