Dünya bazarında neftin qiyməti bu gün səhər saatlarında artıb. Buna Amerika Neft İnstitutunun (API) ABŞ-da neft ehtiyatlarının azalmasına dair yaydığı məlumatlar səbəb olub.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 09:01-də 0,55% artaraq 74,69 dollar təşkil edib. “Brent”in avqust fyuçersləri 0,41% bahalaşıb və bir bareli 75,07 dollara satılıb.
“WTI” neftinin isə avqust fyuçersləri 0,74% bahalaşıb və bir bareli 73,52 dollara təklif olunub.
Amerika Neft İnstitutunun hesablamalarına görə, ABŞ-da iyunun 25-də bitən bir həftəlik müddət ərzində neft ehtiyatları 8,15 milyon barel azalıb. Analitiklər isə azalmanın 4,46 milyon barel olacağını gözləyirdilər.
ABŞ-ın Energertika Departamenti ehtiyatlarla bağlı məlumatları çərşənbə günü dərc edəcək. Göstəricinin 4,7 milyon barel azalacağı proqnozlaşdırılır.