ABŞ prezidenti Co Bayden administrasiyası OPEC+ formatı çərçivəsində neft hasilatının ixtisarı ilə bağlı kompromisə gəlmələrində israr edir.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü bildirib.
“Birləşmiş Ştatlar OPEC+ çərçivəsindəki danışıqları və onun COVID-19 pandemiyasından sonrakı dünya iqtisadiyyatının bərpasına təsirini diqqətlə izləyir. Biz həmin danışıqlarda iştirak etməsək də, administrasiya rəsmiləri hasilat artımını təmin edəcək güzəştli variant təklif etmək üçün aidiyəti paytaxtlarla təmasdadırlar”, – deyə açıqlamada qeyd olunur.
2018-ci ilin oktyabr ayından bu yana ən yüksək həddə çatan neft qiyməti inflasiya şübhələrinə rəvac verir. Bayden administrasiyası koronavirus səbəbindən yaranan resesiyadan sonrakı iqtisadiyyatın bərpasını əsas prioritet kimi qəbul edib.
Baydenin köməkçiləri hesab edir ki, administrasiyanın sərfəli və etibarlı enerji hədəfini təmin etmək üçün sabit neft bazarı şərtlərinə ehtiyac var.