2020-ci ilin üç rübü ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlarının işlənməsi üzrə fəaliyyətlərə təxminən 399 milyon ABŞ dolları əməliyyat məsrəfləri və 1,398 mlrd ABŞ dollarına yaxın əsaslı məsrəflər xərcləyib.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından III rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə AÇG üzrə əməliyyat xərcləri ötən ilin müvafiq dövründən 4,5 % az, əsaslı xərclər isə 35,2 % çoxdur.
Bildirilir ki, hesabat dövrü ərzində “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi çərçivəsində platformanın üst modullarının və qazma modulunun inşası Bibiheybətdəki tikinti-quraşdırma sahəsində davam edib. Son əməliyyatlara, COVID-19-un yaratdığı çətinliklərə baxmayaraq, iri qurğuların qaldırılması proqramının başlanması, qazma qurğusunun sahəyə gətirilməsi, onun hər üç hissəsinin barjadan boşaldılması və sahənin tikinti thissəsinə yerləşdirilməsi daxildir. Hazırda qazma modulunun inşası davam edir.
Heydər Əliyev adına Dərin Özüllər Zavodunda dayaq blokunun payalarının inşası başa çatdırılıb, uğurla dənizə yola salınıb və platformanın dayaq blokunu qəbul etmək üçün dənizdibində quraşdırılıb. Dayaq blokunun və sualtı qurğuların inşası davam edib.
2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis və tədarük işləri qrafikə uyğun davam edir, təchizatçılar tərəfindən göndərilən iri avadanlıq Azərbaycana doğru hərəkət etməkdədir.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25,0 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.