Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın azad edilmiş ərazilərində bərpa olunan enerjinin inkişafını dəstəkləməyə hazırdır.
Bunu "Report"a açıqlamasında Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Kandis MakDiqan (Candice McDeigan) deyib.
"Azad edilmiş ərazilərinin energetika sahəsinin inkişaf planını öyrənəndən sonra, həmçinin Azərbaycan hökumətinin banka müraciəti əsasında istər Qarabağ, istərsə də ölkənin digər ərazilərində bu sahənin inkişafını dəstəkləməyə hazırdır", - K.MakDiqan bildirib.
Onun sözlərinə görə, Asiya İnkişaf Bankı Azərbaycanın dayanıqlı inkişafını dəstəkləməyə sadiqdir: "Azad edilmiş ərazilərinin bərpa olunan enerjiyə ehtiyacını müəyyənləşdirmək hələ tezdir. Bu ehtiyaclarla bağlı hökumətlə müzakirələrə başlamaq imkanımız olub.
Lakin o bölgənin enerji ehtiyaclarının nə olacağını dəqiq başa düşmək üçün bir az vaxt tələb olunur. Məlum olduğu kimi, hazırda Azərbaycan hökumətinin Qarabağla bağlı bir sıra prioritetləri (ərazilərin minalardan təmizlənməsi, məcburi köçkünlərin əraziyə təhlükəsiz qayıdışının təmin edilməsi) var".
Qeyd edək ki, 22 dekabr 1999-cu ildən üzvlüyə qəbul olunmuş Azərbaycan ötən dövrdə 80-dən artıq layihəyə kredit, zəmanət, texniki dəstək qrantları qismində ADB tərəfindən 5 milyard ABŞ dollara yaxın vəsait alıb.