Bu ilin yanvar ayında Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədi ilə 9 texniki yoxlama aparılıb.
Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 12 texniki yoxlama aparılıb.
Agentliyə müraciət edən 4 müəssisədə elektrik təsərrüfatına cavabdeh 19 şəxsin və təhlükəsizlik texnikası üzrə mühəndisin əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılıb, biliklərin artırılması üçün təkliflər verilib, metodiki yardım göstərilib.
Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Texniki Şuralara 138 müraciət daxil olub. Bu müraciətlərdən hamısı müsbət həll edilib.
Müraciətlərə Bakıda və regonlarda yerləşən 17 “ASAN xidmət" və “ASAN Kommunal” mərkəzində və Xaçmaz KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.