“Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya Azərbaycan təbii qazının Avropaya nəqli üçün infrastrukturun inkişafına vəsait ayrılması xahişi ilə Avropa Komissiyasına müraciət edib”.
"Report" Macarıstan KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, söhbət infrastrukturun inkişafından, yeni interkonnektorların tikintisindən və mövcud olanların ötürücülük qabiliyyətinin artırılmasından gedir: “Biz bolqarlar, rumınlar və slovaklarla birlikdə Avropa Komissiyasına müraciət etdik ki, o, bununla prioritet məsələ kimi məşğul olsun və regionda infrastrukturun inkişafına maliyyə dəstəyi göstərsin.
Bu maliyyə vəsaiti Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyadan keçən marşrut üzrə Azərbaycan təbii qazının artan həcmini Cənubi və Mərkəzi Avropanın enerji təhlükəsizliyinə daxil etmək üçün lazımdır”.