Asiya ölkələrində koronavirusa yoluxmaların artması nəticəsində neftə tələbatın azalacağı ilə bağlı narahatlıq neft bazarında mənfi əks-səda yaradıb.
“Report” xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 8.43-ə olan vəziyyətə görə “Brent” markalı neftin iyun fyüçersləri 0,4 faiz ucuzlaşaraq 62,91 ABŞ dollarından, WTI markalı neftin may fyüçersləri də 0,42 faiz ucuzlaşaraq 59,52 dollardan satılıb.
Bu il iqtisadiyyatın dirçələcəyinə dair nikbin proqnozlara baxmayaraq, koronavirusa yoluxma sayının artması neft qiymətlərinə təsiri əvvəlki kimi böyükdür. Koronavirusla bağlı ən ağır vəziyyət dünyanın ən böyük neft idxalatçı ölkələrindən Hindistandadır.
Bununla yanaşı, ABŞ-dakı neft ehtiyatlarına dair hökumətin dünən axşam verdiyi açıqlama da neft bazarında əks-səda doğurub. Belə ki, ekspertlərin gözlədiyi 1,4 milyon barellik azalmaya qarşı ehtiyatların 3,5 milyon barel azalaraq 498,3 milyon barel təşkil etdiyi bildirilib. O cümlədən 0,2 milyon barel azaldığı güman edilən benzin ehtiyatları 4 milyon barel artaraq 234,6 milyon barelə çatıb. Bu artım benzinə və dolayı yolla neftə də tələbatın azalmasına işarə kimi də qəbul edilə bilər.