Avropa bazarında kömür son bir ildə ən yüksək həddədək bahalaşıb.
“Report” xəbər verir ki, təbii qazın qiymətinin qalxması daha ucuz yanacaq növlərinə tələbatın artmasına gətirib çıxarıb.
“Argus Media”ya görə, Avropanın şimal-qərbinə tədarük edilən kömürün bir tonunun qiyməti may ayındakı minimuma nisbətən 50 faiz artaraq 55,77 ABŞ dollarına çatıb. Son dəfə buna yaxın qiymətlər ötən ilin oktyabr ayında qeydə alınıb.
Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəticəsində elektrik enerjisinə tələbatın azalmasına görə dünyanın qalan regionlarında kömür ucuzlaşmağa başlayıb. Beləliklə, Avropa bu mənada istisna təşkil edir.
Beynəlxalq Enerji Agentliyinin bu həftə açıqladığı hesabatına görə, polad istehsalında işlədilən kokslu kömürlə birgə cari ildə dünyada kömür istehlakı 7 faiz azala bilər. Həm də Avropa ölkələrində havaya karbon tullantılarını azaltmaq üçün görülən tədbirlər çərçivəsində kömürdən daha sürətlə əl çəkirlər. Hərçənd son bahalaşmadan da göründüyü kimi hətta təmiz enerji mənbələrinin vüsət almasına da baxmayaraq, kömür istehlakının vaxtaşırı artmasını gözləmək olar.
“Argus Coal Daily İnternational”ın redaktoru Ceyk Horslen kömürün get-gedə dövriyyədən çıxması təəssüratına baxmayaraq, bu yanacaq növünə yaxın gələcəkdə tələbatın qalacağını bildirib.