Avropanın əsas spot habı olan Niderlandın TTF virtual ticarət nöqtəsində təbii qazın qiyməti fevralın son günlərindəki 2021-ci ilin ən aşağı səviyyəsi olan min kubmetr üçün 198 ABŞ dollarından 220 dollara qədər artıb.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, ilin əvvəlindən bəri TTF-də “bir gün əvvəldən” müqaviləsinin orta qiyməti min kubmetr üçün 234 ABŞ dolları təşkil edir.
Qaz qiymətləri önümüzdəki həftə üçün gözləniləndən daha sərt hava proqnozu və CO2 tullantılarına görə qiymət kvotası ilə dəstəklənir.
“Bloomberg” qeyd edir ki, spekulyantlar Avropa siyasətçilərinin iqlim hədəflərinə çatmağı sürətləndirəcəyinə “stavka edirlər”. Bazardakı ralliyə sənaye müəssisələrindən başqa, hec-fondlar da qatılıb və treyderlər karbon bazarında spekulyativ şişmə riskinin olduğunu qeyd edirlər.
CO2 kvotalarının bahalaşması energetika balansında qazın əsas rəqibi olan kömür istehsalının iqtisadiyyatına da zərbə vurur.
Bu arada Avropadakı yeraltı anbarlarda saxlanılan ehtiyatların səviyyəsi maksimum tutumun üçdə birindən də az həddə düşüb - çərşənbə axşamı səhər saatlarında bu göstəririci 33,27 % olub. Bu, son beş ildəki orta göstəricidən 4,9 faiz bəndi aşağıdır.
“Gas Infrastructure Europe” portalının məlumatına görə, Almaniyada (Avropanın əsas qaz bazarında) qaz ehtiyatları 27,65 %-ə, Avstriyada 33,47 %-ə, Çexiyada 32,51 %-ə, Polşada 42,7 %-ə, Fransada 18,98 %-ə (region ölkələri arasında ən aşağı səviyyə), Ukraynada 41,48 %-ə qədər azalıb.