Avropada qaz qiymətlərinin oynaması neft bazarına təsir edəcəkmi?

Avropada qaz qiymətlərinin oynaması neft bazarına təsir edəcəkmi? Sentyabrın 15-də Avropada təbii qazın hər 1 000 kubmetrinin qiyməti 970 ABŞ dollarına çataraq tarixi rekord vurdu.
Energetika
17 Sentyabr , 2021 16:15
Avropada qaz qiymətlərinin oynaması neft bazarına təsir edəcəkmi?

Sentyabrın 15-də Avropada təbii qazın hər 1 000 kubmetrinin qiyməti 970 ABŞ dollarına çataraq tarixi rekord vurdu.

Bununla da, ilin əvvəli ilə müqayisədə avropalılar "mavi yanacağ"ı təxminən 4 dəfə baha almış oldular.

Amma qiymət həmin həddə qısamüddətli oldu və tədricən 735 dollara qədər azaldı. Bu gün səhər isə əmtəə birjaları açılanda qiymət təxminən 800 olub.

Avropada təbii qazın qiymətlərinin oynaması əsasən iqlimlə bağlıdır. Belə ki, 2017-ci ildən bəri Avropada qış kifayət qədər mülayim keçib. Buna görə də enerjiyə, o cümlədən qaza tələbat aşağı olub. Son nəticədə qazın qiyməti ötən ilin mayında ilk dəfə hər 1 000 kubmetr üçün 70 dollardan aşağı düşüb. Lakin dekabrdan başlayaraq vəziyyət kəskin şəkildə dəyişib. Avropaya sərt qış gəlib və əvvəlki illərin yaratdığı arxayınlıqdan dolayı “köhnə qitə"nin buna hazır olmadığı ortaya çıxıb. Qaz artıq dekabrın 25-26-da 200 dollara kimi bahalaşıb.

Qiymətlərin sonrakı aylarda artması istilik mövsümünün may ayına kimi uzanması ilə bağlı olub. Bunun nəticəsi olaraq mayın 5-də qiymət 300 dollar həddini keçib. Məsələ ondadır ki, adətən yeraltı qaz anbarlarına vurulan qazın yalnız 70 %-i istifadə olunurdu. Qış mövsümünün uzanmasından dolayı anbarlarda cəmi 12-15 % qaz olub. Anbarları yenidən doldurmaq üçün böyük həcmdə qaz tələb olunurdu. Tələbin artması avtomatik olaraq bahalaşmaya gətirib çıxarıb. Bu azmış kimi sərt qışı qızmar yay əvəz edib. Elektrik enerjisnə tələbin kəskin artması təbii qazın bahalaşma tempini daha da sürətləndirib. Bu minvalla iyunun 24-də qiymət 400 dollar, iyulun 29-da 500 dollar həddini keçib. Avqustda isə bir neçə tarixi rekord yenilənib və qazın qiyməti 700 dollara kimi artıb. Proses sentyabr ayında da davam edib. Sentyabın 13-də Rusiyada və Avropanın bir sıra ölkəsində payız istilik mövsümü başlayanda qazın qiyməti ilk dəfə 800 dolları keçib, tədricən isə 970 dolları görüb.

Bununla belə, Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, Avropada qazı bahalaşdıran başqa amillər də var: "Burada “Şimal axnı-2“ ilə bağlı Rusiya ilə ABŞ arasındakı siyasi-iqtisadi gərginliyi, yüksək qiymətlərdən dolayı LNG-nin Asiya bazarına yönəlməsi, “Qazprom”un Yeni Urenqoydakı zavodunda avqustda baş verən qəza kimi qiymət artıma təsir edən digər amillər var. Bu dəfəki ajiotaj həm də yeraltı qaz anbarlarının cəmi 70 %-nin dolu olması fonunda baş verdi. Belə ki, adətən bu vaxta kimi anbarların 80-85 % dolu olurdu".

Onun sözlərinə görə, qazın qiymətlərinin yüksək olması Azərbaycanın da gəlirlərini artırır: "Azərbaycan Avropada təbii qazını faktiki olaraq bu ildən satır və bu bazara qaz çıxarmağımız Azərbaycan üçün uğurlu olub. Belə ki, 1998-ci ildə "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil etdiyimiz ilk neft dünya bazarına mart ayında çıxdı. O zaman neftin bir barelinin qiyməti 10 dollara düşmüşdü, il ərzində orta ixrac qiyməti 14 dollar idi. Yəni biz neftimizi dünya bazarına çıxaranda onun sərt üzü ilə qarşılaşdıq. İndi isə vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Düzdür, Azərbaycan öz qazının bir kubmetrini belə “Qazprom”dan fərqli olaraq hərraclarda satmır. Bizim qaz uzunmüddətli müqavilələr əsasında satılır. Lakin istənilən halda həmin bazarda qazın qiyməti Avropa qaz bazarının təsirlərindən kənarda almır. Yəni tələbat yarananda qazın qiymətləri artır. Bu baxımdan birmənalı şəkildə 2021-ci ildə qazın qiymətlərinin yüksək olması bizim də gəlirlərimizi artırır. Qaz bazarındakı hazırki vəziyyət əslində dolayısı ilə neft gəlirlərimizin də artmasını səciyyələndirə bilər. Belə ki, Avropada artıq elektrik stansiyalarında təbii qaza yox, mazuta üstünlük verməyə başlayıblar. Neft ekvivalenti ilə qazın qiyməti 120 dollar, neftin özünün qiyməti isə 75 dollardır. Mazut neftin emalı zamanı istehsal zəncirinin son məhsuludur. Yəni xərclərə qənaət baxımından kifayət qədər böyük fərq yaranır. Bu fakt enerji şirkətlərini elektrik enerjisinin istehsalında neft məhsullarına keçməyə sövq edəcək. Neftə olan tələbatın artması nəticəsində onun qiyməti oktyabr ayına kimi 100 dollara kimi arta bilər. Əlbəttə ki, böhran aradan qalxdıqca qiymətlər əvvəlki səviyyəyə və yaxud daha aşağı düşə bilər. Buna baxmayaraq neft ixrac edən ölkə kimi qısamüddətli olsa belə gəlirlərimizdə bunun müsbət təsirlərini görəcəyik”.

Son xəbərlər

Orphus sistemi