Bu gün Londonun “İCE Futures” birjasında hərrac zamanı TTF onlayn qaz satışı mərkəzində oktyabr fyüçersləri 671 USD/1000 kubmetrədək artıb.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, Rusiyadan Avropaya qaz nəql edən Yamal-Avropa kəmərindən ötürülən qazın həcmi dünənki 2,7 milyon kubmetr/s-ə qarşı bu gün 2,6 milyonadək geriləyib.
“Bloomberg” xəbər verir ki, bu həftənin əvvəlindən Rusiyadan qaz təchizatının azalması Avropa bazarında təbii qazın rekord həddə bahalaşmasına səbəb olub.
Hazırda Avropanın yeraltı anbarlarında qazın həcmi orta mövsüm rəqəmindən 20 faiz azdır. Ekspertlərin fikrincə, qarşıdan gələn qışda havaların soyuq keçəcəyini nəzərə alsaq, qaz qiymətləri 1000 USD/1000 kubmetr həddini keçə bilər.
Qazın bahalaşmasına həmçinin Avropa İttifaqında karbon tullantılarına icazə haqqının yenidən rekord həddə bahalaşması da təkan verib.