Azad olunmuş ərazilərdə qazlaşdırma işlərinin planı hazırlanır

Azad olunmuş ərazilərdə qazlaşdırma işlərinin planı hazırlanır Prezident İlham Əliyev demişkən, artıq ölkəmiz üçün yeni dövr, quruculuq və inkişaf dövrü, azad olunmuş ərazilərimizin bərpası dövrü başlayır.
Energetika
4 Dekabr , 2020 13:42
Azad olunmuş ərazilərdə qazlaşdırma işlərinin planı hazırlanır

İyirmi altı il davam edən ardıcıl, məqsədyönlü siyasi-diplomatik səylərdən sonra hərb meydanında 44 gün ərzində işğalçıların belini sındıran Azərbaycan əzəli torpaqlarını azad etdi. Prezident İlham Əliyev demişkən, artıq ölkəmiz üçün yeni dövr, quruculuq və inkişaf dövrü, azad olunmuş ərazilərimizin bərpası dövrü başlayır.

Təbii ki, birinci məsələ həmin ərazilərdə infrastrukturu qurmaqdır. Bir çox yerlərdə bunu sıfırdan başlamaq, bəzi hallarda isə mövcud olanı əsaslı təmir etmək lazım gələcək. Əslində qaz və enerji təminatının 100 faizə yaxınlaşdığı bir ölkə üçün yeni azad edilmiş ərazilərdə də buna yaxın səviyyəyə nail olmaq elə də çətinlik yaratmaz. Üstəlik bunu tezliklə həyata keçirmək həvəsi, səbirsizlik o qədər böyükdür ki, SOCAR rəhbərliyinin tapşırığı ilə “Azəriqaz” İB artıq azad olunmuş ərazilərin qazlaşdırılması işləri üçün ilkin texniki iqtisadi əsaslandırmanı hazırlamağa başlayıb.

Qeyd edək ki, hələ müharibə günlərində də düşmən hər cür beynəlxalq, hərb və s. hüququnun təməl müddəalarını tapdalayaraq cəbhə bölgəsində də, ondan uzaqda da yerləşən şəhər və qəsəbələrimizi atəşə tutaraq infrastrukturuna, o cümlədən qaz şəbəkəsinə də ziyan yetirəndə “Azəriqaz”ın əməkdaşları hazır vəziyyətdə olublar. Yaradılan əməliyyat qərargahı həmin bölgələrdə meydana çıxan hər bir nasazlıqla bağlı müvafiq tədbirlər görüb. Həmçinin hərbçilərin tövsiyələrinə görə əhalinin təhlükəsizliyi naminə boru kəmərlərinə qaz buraxılışı azaldılırdı. Müharibə qurtarandan sonra isə “Azəriqaz”-ən Qarabağdakı bütün abunəçiləri davamlı şəkildə qazla təchiz olunur.

Bundan əlavə, qaz təchizatındakı hər hansı nöqsanlarla, yaxud abunə borcu ilə bağlı şəhid ailələrinin, qazilərin müraciətləri mümkün qədər qısa vaxt ərzində araşdırılaraq həll olunur.

Azad olunmuş ərazilərə dair planlara gəlincə, sözsüz ki, yalnız vəziyyəti ətraflı araşdırmaq üçün xeyli vaxt lazım olacaq. Lakin dediyimiz kimi, ilkin planlaşdırma işlərinə artıq başlandı və yeni magistral qaz kəmərlərinin ilkin istiqamətləri də müəyyənləşdirildi. Bunlar Böyük Bəhmənli – Füzuli – Hadrut – Şuşa, Azad Qaraqoyunlu – Ağdam, Horadiz – Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın, Goranboy – Kəlbəcər kəmərləri olacaq. Təbii ki, bu qaz kəmərləri bölgədəki yeni sosial iqtisadi hədəflərə görə nəzərdə tutulur. Belə ki, azad olunmuş hər bir rayonda müxtəlif iqtisadi sahələrinin inkişaf imkanları araşdırılır. Bununla yanaşı, işğal və müharibə dövründə dağıdılmış, viran qoyulmuş şəhər və qəsəbələrin baş planlarının da olması mühüm şərtdir.

Bəzi yerlərdə sıldırım dağlıq ərazilərə qaz kəmərlərinin çəkilməsi müəyyən çətinlik yaradacağı şəksizdir. Lakin “Azəriqaz” son illər ərzində bu məsələdə xeyli təcrübə toplayaraq yüksək dağlıq ərazilərdəki məskənlərin təchizatını yoluna qoyur. Texniki və texnoloji imkanlarla yanaşı, maliyyə baxımdan da hər hansı əngəl gözlənilmir, çünki dövlət büdcəsi, SOCAR-ın imkanları Qarabağdakı hər abunəçini lazımi həcmdə qazla dayanıqlı təmin etmək üçün artıqlaması ilə bəs edir.

Hesablamalara görə Qarabağ həyata qayıdandan sonra təbii qaza illik tələbat 200 milyon kubmetrədək olacaq. Bu həcmi vermək çətin olmayacaq: prezident İlham Əliyevin də daha əvvəl qeyd etdiyi kimi ölkənin təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr, proqnoz ehtiyatları da 3 trilyon kubmetrdir. Bununla Azərbaycan hələ qarşıdakı 100 il ərzində karbohidrogenləri daxili bazarı 100 faiz təmin etməklə yanaşı davamlı ixrac da edə bilər.

Beləliklə, artıq planlar tərtib olundu, qalır işə başlamaq. Qarabağımızın viran qoyulmuş yurd-yuvalarını isindirmək, buralara həyatı qaytarmaq üçün bu gün-sabah əməli işlərə başlanacaqdır.

Qulu Nuriyev, ekspert

Son xəbərlər

Orphus sistemi