Azərbaycan Dünya Bankı ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan Dünya Bankı ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib Energetika naziri Pərviz Şahbazov Azərbaycanda səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Energetika
5 Aprel , 2022 13:32
Azərbaycan Dünya Bankı ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib

Energetika naziri Pərviz Şahbazov Bakıda səfərdə olan Dünya Bankı Qrupunun İnfrastruktur üzrə Regional Direktoru Çarles Cozef Kormierin rəhbərlik etdiyi missiyanı qəbul edib.

"Report" xəbər verir ki, bu barədə nazir özü məlumat verib.

"Dünya Bankının enerji və infrastruktur üzrə missiyası ilə elektrik enerjisi bazarının inkişafına və dənizdə külək enerjisinin istehsalına dair yol xəritələri, Enerji Səmərəliliyi, dekarbonizasiya, eləcə də yeni əməkdaşlıq imkanları ilə bağlı səmərəli müzakirələrimiz oldu", - deyə nazir qeyd edib.

Görüşdə Dünya Bankının ölkəmizlə çoxşaxəli əməkdaşlığında mühüm istiqamətlərdən birinin enerji olduğu və Azərbaycanın həyata keçirdiyi regional və beynəlxalq əhəmiyyətli enerji layihələrinə bankın davamlı dəstək göstərdiyi qeyd edilib.

Görüş zamanı dənizdə külək enerjisinin istehsalına dair Yol Xəritəsi, ölkəmizdə elektrik enerjisi bazarının inkişafı, enerji səmərəliliyi, Azərbaycanın uzun müddətli enerji və iqlimlə bağlı planları, həmçinin yeni əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Bütün bu istiqamətlərin dekarbonizasiya prosesini əhatə etdiyi və ölkənin 2050-ci ilədək karbon emissiyalarının 40 faizədək azaldılmasını hədəflədiyi vurğulanıb. Eyni zamanda həyata keçirilən və planlaşdırılan bərpa olunan enerji layihələrinin ölkəmizin qlobal enerji keçidi prosesinə milli səviyyədə töhfəsini təmin etməklə bərabər tərəfdaşlarımızın enerji təchizatı üçün də yeni imkanlar yaratdığı bildirilib.  

Energetika naziri Pərviz Şahbazov deyib ki, ağıllı və təmkinli enerji keçidi istiqamətində inamlı addımlarla irəliləyirik: “Bu xüsusda, dövlət başçısı tərəfindən sosial-iqtisadi inkişafın başlıca meyarlarından biri kimi müəyyənləşdirilən “yaşıl artım“ ölkəsinə çevrilməklə bağlı tədbirlər mühüm rol oynayır. Cənub Qaz Dəhlizi layihəsinin nümunəsində olduğu kimi birgə əməkdaşlığımız əsasında dənizdə külək enerjisi potensialından istifadə etməklə “yaşıl enerji”ni də müxtəlif formalarda və müxtəlif marşrutlarla Avropaya ixrac edə bilərik”.

Gələcəkdə “yaşıl” elektrik enerjisinin nəqli üçün Azərbaycan və Gürcüstan ilə Rumıniya arasında Qara dəniz sualtı elektrik enerjisi və rəqəmsal qoşulma layihəsinin əhəmiyyətindən bəhs edilib. Layihənin reallaşdırılması Dünya Bankı ilə əməkdaşlıq kontekstində nəzərdən keçirilib.

Söhbət zamanı Dünya Bankı ilə əməkdaşlıq gündəliyində olan məsələlərin hər biri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Dünya Bankının Enerji və İnfrastruktur üzrə Missiyasının ölkəmizə səfəri çərçivəsində Azərbaycanın dənizdə külək enerjisinin inkişafı, enerji sektoru üçün potensial dekarbonizasiya yolları, karbonsuzlaşdırmanın planlaşdırılması və həyata keçirilməsi, elektrik enerjisi bazarının liberallaşdırılması və enerji səmərəliliyi mövzularında müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi