Azərbaycan “Lukoil” ilə alternativ enerji sahəsindəki layihələri müzakirə edir

Azərbaycan “Lukoil” ilə alternativ enerji sahəsindəki layihələri müzakirə edir ​​​​​​​Rusiyanın “Lukoil” neft şirkəti təkcə Azərbaycandakı neft və qaz yataqları ilə maraqlanmır, alternativ enerji sahəsindəki layihələri də müzakirə olunur
Energetika
14 Oktyabr , 2021 14:15
Azərbaycan “Lukoil” ilə alternativ enerji sahəsindəki layihələri müzakirə edir
Pərviz Şahbazov

Rusiyanın “Lukoil” neft şirkəti təkcə Azərbaycandakı neft və qaz yataqları ilə maraqlanmır, alternativ enerji sahəsindəki layihələri də müzakirə olunur.

"Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Rusiya Enerji Həftəsi" çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Lukoil” bizim uzunmüddətli tərəfdaşımızdır, biz sıx əməkdaşlıq edirik. “Şahdəniz” bizim ilk layihəmiz deyil. “Lukoil” bu gün yalnız neft və qaz yataqlarına deyil, alternativ enerjiyə də maraq göstərir. Biz məsləhətləşirik, işləyirik”, - deyə nazir bildirib.

Xatırladaq ki, bu günlərdə “Lukoil” neft şirkəti Xəzərdəki "Şahdəniz" qaz layihəsində “Petronas” şirkətinə məxsus 15,5 %-lik payı 2,25 milyard ABŞ dollarına satın alıb.

Bununla da “Lukoil”in layihədəki payı 10 %-dən 25,5 %-ədək artacaq. Sövdələşmənin tamamlanması üçün SOCAR ilə razılaşdırılmış əlavə şərtləri yerinə yetirmək zəruridir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "Lukoil" (25,5 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Bundan başqa, “Lukoil” şirkəti Xəzərin Azərbaycan və Türkmənistan sektorlarının sərhədində yerləşən “Dostluq” yatağının kəşfiyyatı və işlənməsi layihəsinə qoşulmaq üçün danışıqlar aparır və yatağın operatoru olmaq niyyətindədir.

Qeyd edək ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar.

SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlandırılıb. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.

Son xəbərlər

Orphus sistemi