2020-ci ilin noyabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 686,2 min barel olub. Bunun 587 min barelini xam neft, 99,2 min barrelini isə kondensat təşkil edib.
Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Bununla da Azərbaycan noyabr ayında “OPEC plus” üzrə xam neft hasilatını orta günlük 587 min barel həcmində icra etməklə, “OPEC plus” üzrə öhdəliyini 100 faiz yerinə yetirib.
Qeyd edək ki, 12 aprel tarixli “OPEC plus” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.
Cari ilin 3 dekabr tarixində OPEC+ nazirlərinin 12-ci iclasında qəbul edilmiş qərara əsasən 2021-ci ilin yanvar ayı üçün gündəlik xam neft hasilatının “OPEC plus” ölkələri tərəfindən 7,2 mln. barel, müvafiq olaraq ölkəmiz tərəfindən isə 123 min barel azaldılması nəzərdə tutulub. Bununla da, 2021-ci ilin yanvar ayında ölkəmiz üçün təklif olunan gündəlik neft hasilatı 595 min barrel səviyyəsində müəyyən edilib.