Bu ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 79,3 min ton ilkin formalarda polietilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 91,1 milyon ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni ayları ilə müqayisədə müvafiq olaraq 6,3 % az və 67,2 % çoxdur.
Ötən 7 ay ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 6,73 % olub. Hesabat dövründə ilkin formalarda polietilenin ölkənin ümumi ixracdakı payı 0,8 % olub.
Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.