İlk xəbər saat 11:24-də verilib
Bu gün Nur-Sultan şəhərində Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclası keçirilib.
"Report" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, iclasda Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun və Qazaxıstan Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Baxıt Sultanovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.
İclasdan əvvəl həmsədrlərin ikitərəfli görüşü baş tutub. Görüşdə iki ölkə arasında əməkdaşlıq məsələlərinə və Komissiyanın iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
İclasda çıxış edən P.Şahbazov əhəmiyyətli beynəlxalq layihələrin təşəbbüskarları və fəal iştirakçıları – Azərbaycan və Qazaxıstanı dərin tarixi köklərə malik olan və uzun illər uğurlu əməkdaşlıq təcrübəsi ilə möhürlənmiş möhkəm qardaşlıq münasibətlərinin birləşdirdiyini qeyd edib. O, bildirib ki, Prezidentlər İlham Əliyev və Qasım-Jomart Tokayevin siyasi iradəsi sayəsində iki ölkə arasında əlaqələr uğurla inkişaf edir, birgə layihələr fəal həyata keçirilir, razılaşdırma mərhələsində olan “2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi kontekstində böyük əhəmiyyətə malikdir və dialoqumuzun inkişafı üçün yol xəritəsi olacaq.
Nazir iki ölkə arasında ticarət əlaqələrinin dinamik inkişaf etməkdə olduğunu bildirib: “Bu ilin ilk 4 ayında ticarət dövriyyəmizin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfədən çox artaraq 215 milyon ABŞ dolları təşkil edib. Bununla belə, düşünürük ki, ticarət əməkdaşlığının bütün sahələrində əməliyyatların həcminin bundan sonra da artırılması üçün böyük potensial var. Bu istiqamətdə qarşılıqlı ticarət-iqtisadi missiyalar, eləcə də özəl sektor təmsilçiləri ilə ölkələrimizin Bakı və Nur-Sultandakı ticarət evləri arasında əməkdaşlıq mühüm rol oynayır”.
İclasda qazaxıstanlı investorlar Ələt Azad İqtisadi Zonasında mövcud olan unikal investisiya imkanlarından və əlverişli biznes şəraitindən yararlanmağa dəvət edilib. Qeyd edilib ki, Azərbaycan tərəfi qarşılıqlı investisiyaların cəlb edilməsi məqsədilə mühüm iqtisadi layihələr haqqında məlumat mübadiləsinə hazırdır. “Qazaxıstan tərəfinin ölkəmizin işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması layihələrində iştirakda marağını alqışlayırıq. Ölkələrimizin tranzit potensialının artırılması üçün birgə səylərin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Transxəzər Şərq-Qərb Orta Dəhlizinin inkişafı, regionda yeni tranzit və nəqliyyat imkanları, eyni zamanda Orta Dəhlizin perspektiv tərkib hissəsi kimi Zəngəzur dəhlizi çərçivəsində əməkdaşlığı davam etdirməyə və dərinləşdirməyə hazırıq” - deyə azərbaycanlı nazir əlavə edib.
O, çııxışında ənənəvi enerji daşıyıcıları istiqamətində əməkdaşlıq məsələlərinə toxunub, enerji səmərəliliyi, bərpa olunan enerjidən istifadənin özəl investisiya cəlbi ilə genişləndirilməsi tədbirləri sahəsində əməkdaşlıq, bilik və qabaqcıl təcrübə mübadiləsi üçün də böyük potensialın mövcud olduğu bildirib.
B.Sultanov isə çıxışında deyib ki, çoxəsrlik dostluq əlaqələri və konstruktiv siyasi dialoqla bağlı olduğumuz Azərbaycan hər zaman Qazaxıstanın etibarlı tərəfdaşı olub və belə də qalır: "Bu il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu illər ərzində siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə səmərəli dialoq qurulub. Biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müasir infrastrukturun və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində həyata keçirilən bərpa-yenidənqurma işlərində iştirak etməkdə maraqlıyıq”.
Tədbir çərçivəsində Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş 17-ci iclasından ötən dövr ərzində görülmüş işlər nəzərdən keçirilib. Komissiyanın iclasının protokol layihəsinə daxil edilmiş iqtisadiyyat, enerji, nəqliyyat və logistika, kosmik və informasiya texnologiyaları, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, turizm, məşğulluq və sosial müdafiə, mədəniyyət, idman və gənclər siyasəti, səhiyyə, təhsil, innovasiya və rəqəmsal həllər kimi ümumilikdə 12 məsələ ətrafında müzakirələr aparılıb. İclasın sonunda protokol imzalanıb, növbəti iclasın gələn il Bakıda keçirilməsi razılaşdırılıb.