Azərbaycanda "Xudafərin” hidroqovşağına görə dəymiş ziyan hesablanır

Azərbaycanda "Xudafərin” hidroqovşağına görə dəymiş ziyan hesablanır "Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir".
Energetika
20 Oktyabr , 2020 11:09
Azərbaycanda Xudafərin” hidroqovşağına görə dəymiş ziyan hesablanır

"Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb".

“Report”un məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir: “Xudafərin” hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, “Qız Qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir”.

Nazir bildirib ki, “Xudafərin” hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır: “1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 MVt gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır. Bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir. Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kVt·saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə Sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi. Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi”.

P. Şahbazov deyib ki, Azərbaycan və İran arasında birgə həyata keçirilən “Ordubad” və “Marazad” su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi