"Azərişıq" ASC texniki itkinin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün texniki tədbirləri davam etdirir.
"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, 2015-ci ildə səhmdar cəmiyyəti yaradılana qədər şirkətdə elektrik enerjisi üzrə texniki itki 13,9% təşkil edib, 2016-cı ildə bu rəqəm 10%-ə, 2017-ci ildə 9,9%-ə, 2018-ci ildə 9,8%-ə, 2019-cu ildə 9,7%-ə, 2020-ci ildə isə 8,9%-ə düşüb.
Qurumun mətbuat Xidmətinin rəhbəri Vaqif Mustafayevin sözlərinə görə, texniki itkinin daha da azaldılması və elektrik enerjisi ilə təchizatımn daha da yaxşı olması üçün elektrik şəbəkələrində əsaslı yenidənqurma işləri aparılır, ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, eləcə də uçot sistemi təzələnərək sayğaclar yenilənir. 2015-2020-ci illər ərzində, ümumilikdə 1,3 milyona yaxın abunəçi yeni sayğaclarla təchiz edilib ki, bunun da 1,157 milyonu əhali, 142 mini isə qeyri-əhali abonentlərinə aid uçot nöqtələridir. 2020-ci ilin 10 ayında isə ümumilikdə 196 436 abonent yeni sayğacla təchiz edilib. Bunun da 185 543-ü əhali, 10 893-ü isə qeyri-əhali abonentlərinə aiddir. Görülən tədbirlər nəticəsində ümumilikdə “Azərişıq” üzrə son 5 il ərzində texniki itki səviyyəsinin 5%-ə qədər azalmasına nail olunub”.
O həmçinin qeyd edib ki, “Azərişıq” ölkənin bütün kənd və qəsəbələrində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı geniş miqyaslı işlər həyata keçirir: "Son 5 ildə 500-dən çox kənd və qəsəbələrdə, bu ilin 10 ayında isə 50-dən çox inzibati ərazi vahidliklərində (0,4 kV-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq, ümumilikdə minlərlə istehlakçının 24 saat ərzində dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı tam təmin olunub".