Bu gün "Azərişıq" ASC azad olunmuş Suqovuşana mediatur təşkil edib.
"Report" xəbər verir ki, işğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 35 kV-luq elektrik veriliş xəttinin çəkiliş işləri başa çatıb və qəsəbə elektik enerjisi təchiz olunub.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib ki, təmsil etdiyini qurum işğaldan azad olunmuş əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirləri davam etdirir. "Cənab Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq səhmdar cəmiyyət “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri yekunlaşdırıb.
İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkilib.
Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq xətt izoliyasiyalı kabellə çəkilib.
Müqayisə üçün, bildirək ki, Suqovuşan ərazisinin elektrik təchizatını təmin etmək üçün müasir izolyasiyalı və Mühafizəli 35 kV kabel xəttindən istifadə, ənənəvi elektrik veriliş xətlərinə nisbətən bir neçə xüsusiyyətlərin üstünlüyə malikdir.
İlk olaraq demək lazımdır ki, bu xəttin texniki itkilərini 2,3 dəfə, illik qəza və planlı açılmalar sayını 25-30 dəfə və sərt iqlim şəraitində, qarlı və buzlu havalarda qəza təhlükəsini dəfələrlə azaltmağa imkan verir.
Bundan əlavə istifadə olunan dayaqlara çəkilən xərcləri 3-5 dəfə, istismar və saxlanma xərcləri 4 dəfə azaltmaqla yanaşı, əhalinin həyat və sağlamlığına təhlükə ehtimalı aradan qaldırılır, hər 1 km elektrik xəttinin mühafizə zonasına görə 5 dəfədən artıq faydalı torpaq sahəsinin istifadəsinə imkan verir".
Ümumilikdə, Suqovuşan elektrik Veriliş Xəttinin 35 kV müasir tip kabel ilə çəkilməsi nəticəsində şəbəkənin etibarlığının artırılması təmin edilib.
Tərtər rayonu, Suqovuşan və Talış kəndlərinin elektrik təchizatı üçün “Azərişıq” ASC tərəfindən 35 kV-luq 2,5 MVA gücündə “Suqovuşan” yarımstansiyası inşa edilib. Yarımstansiyanın qidalandırılması üçün 110/35/6 kV-luq “Tərtər” yarımstansiyasından 29 km məsafədə özünüdaşıyan izolyasiyalı kabeldən ibarət xət çəkilmişdir. Yarımstansiyanın 10 kV-luq tərəfində 12 ədəd 10 kV-luq yuva quraşdırılmış, yarımstansiya mövcud 10 kV-luq elektrik şəbəkəsi ilə əlaqələndirilib.
Gələcəkdə yarımstansiyada 2-ci 35 kV-luq transformatorun quraşdırılması nəzərdə tutulub. Hal-hazırda, yarımstansiyadan hərbi hissə elektirk enerjisi ilə təmin olunur.
Suqovuşan kəndinin daxili şəbəkəsində isə 0,4 kv hava xətləri bərpa edilib, yeni SİP kabellər çəkilib. Artıq Qəsəbə elektrik enerjisi ilə təmin olunub.