"Türkiyədə “Azərenerji”nin törəməsi olan “Global Power” şirkəti fəaliyyət göstərir. Bu şirkət vasitəsi ilə bir neçə ölkəyə elektrik enerjisinin ixracı həyata keçirilir".
"Report" xəbər verir ki, bu barədə "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxışı zamanı deyib.
B.Rzayevin sözlərinə görə, bu şirkət vasitəsi ilə Azərbaycandan Türkiyəyə ixrac olunan elektrik enerjisinin satışı, eləcə də Türkiyə, Bolqarıstan və Yunanıstanla enerji mübadiləsi reallaşdırılır.
Hazırda Azərbaycan Rusiya, İran, Gürcüstan və Türkiyəyə elektrik enerjisi ixrac edir.
Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində elektrik enerjisinin ixracı 1 milyard 389,5 milyon kVt/saat olub. Bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 400,5 milyon kVt/saat çoxdur.
Bu dövrdə elektrik enerjisinin idxalı 141 milyon kVt/saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,3 milyon kVt/saat artıb.