Bakı Enerji Həftəsi bərpa olunur

Bakı Enerji Həftəsi bərpa olunur 2022-ci il iyunun 1-dən 3-dək Azərbaycanın paytaxtında Bakı Enerji Həftəsi keçiriləcək.
Energetika
20 Aprel , 2022 11:19
Bakı Enerji Həftəsi bərpa olunur

2022-ci il iyunun 1-dən 3-dək Azərbaycanın paytaxtında Bakı Enerji Həftəsi keçiriləcək.

Bu barədə “Report” “Iteca Caspian” şirkətinə istinadən xəbər verir. Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsi 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq “Energetika və Bərpa Olunan Enerji” Sərgisini, eləcə də “Xəzər Neft və Qaz” konfransının davamçısı olan Bakı Enerji Forumunu bir araya gətirir.

Tədbirlər Azərbaycan Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə keçirilir.

“Xəzər Neft və Qaz” sərgisi Azərbaycanın müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir. Prezident İlham Əliyevin açılış mərasimində hər il iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiqləyir. Sərginin uğurla keçirildiyi illər ərzində ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin rəsmiləri öz salamlama məktublarını sərgiyə ünvanlamışlar. “Xəzər Neft və Qaz” sərgisi UFI (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) beynəlxalq sərgi icmasının keyfiyyət nişanınına malikdir", - məlumatda deyilir.

Bu il ənənəvi “Xəzər Neft və Qaz” sərgisi növbəti dəfə dünyanın müxtəlif ölkələrindən 250-dən çox şirkət arasından energetika sənayesinin liderlərini bir araya gətirəcək. İştirakçıların siyahısında Almaniya, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İsveçrə, İtaliya, MDB ölkələri, Norveç, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Xorvatiya və Yaponiyanın şirkətləri daxildir.

Sərginin ekspozisiyası neft və qazın nəqli və hasilatı, innovativ texnologiyalar, texniki xidmət, kimya sənayesi istiqamətlərdə yer tutacaq. Burada cari və perspektiv neft-qaz layihələri də müzakirə olunacaq.

Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisi - “Caspian Power”, bu il 10 illik yubileyini qeyd edir.

Sərgi iştirakçıları sırasında Azərbaycan, Belarus, Böyük Britaniya, İtaliya, Rusiya Federasiyası, Türkiyə və digər ölkələrin aparıcı şirkətləri var. Sərgi əsasən enerji və elektrotexnika, alternativ və bərpa olunan enerji mənbələri, kabel və məftil məhsulları və işıqlandırmaya yönəlir.

İyunun 2-dən 3-dək Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu keçiriləcək. Xəzər Neft və Qaz Konfransı bu illər ərzində sənayenin üzləşdiyi əsas problemlərin müzakirəsi platforması olmaqla yanaşı, enerji sektorunda hər il keçirilən yüksək əhəmiyyətli tədbir statusunu qazanmışdır. Bu hədəfi davam etdirərək konfrans estafeti öz proqramını yeni enerji seqmentləri ilə genişləndirən Bakı Enerji Forumuna ötürdü. Forumun gündəliyinə aşağıdakılar daxildir: plenar sessiya: “Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər”, “Qlobal Enerji perspektivləri”, “Xalis sıfıra aparan yol”, “Enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı”. Forumda həmçinin Xəzər regionunda yeni hasilat imkanları, qaz xətləri marşrutları, neft emalı və neft-kimya layihələrinin maliyyələşdirilməsi nəzərdən keçiriləcək.

Son xəbərlər

Orphus sistemi