“Baltic Pipe” qaz boru kəmərinin Baltik dənizinin dibi ilə çəkilişinə başlanılıb

“Baltic Pipe” qaz boru kəmərinin Baltik dənizinin dibi ilə çəkilişinə başlanılıb Polşa hökuməti tikinti işlərini 1 oktyabr 2022-ci ilə qədər tamamlamağı düşünür
Energetika
28 İyun , 2021 14:45
“Baltic Pipe” qaz boru kəmərinin Baltik dənizinin dibi ilə çəkilişinə başlanılıb

Polşanın qaz kəmərləri şəbəkəsinin operatoru “Gaz-System” “Baltic Pipe” qaz boru kəmərinin Baltik dənizinin dibi ilə çəkiləcək hissəsinin çəkilişlərinə başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkət bazar ertəsi rəsmi saytında məlumat verib.

“İyunun 27-də Polşa ilə Danimarka arasındakı qaz boru kəmərinin dəniz hissəsinin çəkilməsindən məsul olan dəniz gəmilərindən biri olan “Castorone” Baltik dənizində “Baltic Pipe” kəmərinin çəkilişlərinə başlayıb. Proses Danimarka sularında, Bornholm adası yaxınlığında başlayıb. “Castorone” tədricən qaz kəməri marşrutu ilə şimal-qərb istiqamətində hərəkət edəcək”, - məlumatda deyilir.

“Bu ilin sonuna qədər Baltik dənizinin dibi ilə Polşa və Danimarka sahillərini birləşdirəcək 275 km uzunluğunda qaz kəməri qaynaq edib çəkməyi planlaşdırırıq”, - şirkət rəhbəri Tomaş Stempen deyib.

“Baltic Pipe” – Şimal dənizində Norveç şelfindəki yataqları Danimarkadan keçməklə Polşa ilə birləşdirəcək qaz kəməri layihəsidir. Layihə Norveç və Danimarkanın qaz ötürmə sistemlərinin birləşdirilməsini, Danimarka və Polşa infrastrukturunun genişləndirilməsini, eləcə də Baltik dənizinin dibi boyunca bu iki ölkəni birləşdirəcək boru kəmərinin inşasını nəzərdə tutur. Qaz kəmərinin planlaşdırılan gücü ildə 10 milyard kubmetrdir. Polşa hökuməti tikinti işlərini 1 oktyabr 2022-ci ilə qədər tamamlamağı düşünür.

“Gaz-System” boru kəmərini Danimarkanın nəqliyyat sistemi operatoru olan “Energinet” ilə əməkdaşlıq edərək inşa edir. Layihənin Danimarka ortağı Everdrupda qaz kompressor stansiyası tikəcək, daxili nəqliyyat sistemini genişləndirəcək və onu Şimal dənizinin dibi boyunca keçən “Europipe II” qaz kəmərinə birləşdirəcək. “Gaz-System” Danimarka və Polşa sahillərini birləşdirəcək və Baltik dənizi dibi boyunca çəkiləcək dəniz qaz kəmərinin çəkilməsindən və milli nəqliyyat sisteminin inkişafından məsuldur.

Son xəbərlər

Orphus sistemi