Bayden administrasiyası Cənub Qaz Dəhlizini dəstəkləyəcəkmi?

Bayden administrasiyası Cənub Qaz Dəhlizini dəstəkləyəcəkmi? Mütəxəssislər arasında ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden administrasiyasının gələcəkdə Cənub Qaz Dəhlizini (SGC) dəstəklənməsi ilə bağlı konsensus mövcuddur.
Energetika
12 Noyabr , 2020 14:40
Bayden administrasiyası Cənub Qaz Dəhlizini dəstəkləyəcəkmi?
Cozef Bayden

Mütəxəssislər arasında ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden administrasiyasının gələcəkdə Cənub Qaz Dəhlizini (SGC) dəstəklənməsi ilə bağlı konsensus mövcuddur.

“Report”un “Deutsche Welle” nəşrinə istinadən verdiyi məlumata görə, layihə ABŞ-ın əvvəlki iki administrasiyası tərəfindən Azərbaycan təbii qazının Türkiyəyə və oradan Avropaya nəql edəcək Avropa İttifaqının enerji tədarükünü şaxələndirmək məqsədilə dəstəklənib.

Nəşr yazır ki, bu strategiyanın dəyişəcəyi gözlənilmir.

“Baydenin prezidentliyi ilə ABŞ Beynəlxalq İqlim Dəyişilikliyi ilə Mübarizə Klubuna qayıdacaq. Prezident Co Baydenin ABŞ-dakı mayeləşdirilmiş təbii qazın (LNG) Donald Tramp kimi Avropada təbliğ edilməsini görmək çətin olacaq. Çünki bu, onun iqlim gündəminə ziddir”, - deyə Brüsselin “Bruegel” düşüncə mərkəzinin tədqiqatçısı Simone Talyapyetra DW-yə bildirib.

Onun sözlərinə görə, ancaq bu, Cənub Qaz Dəhlizinə münasibətindəki dəyişiklik demək deyil: "Tam əksini əks etdirir”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək TAP-a birləşdirilir.

Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhədi- Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb.

Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Eskişəhər-Ədirnə -Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. Bu hissənin açılışı ötən il noyabrın 30-da həyata keçirilib. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd kubmetr təşkil edir. Bu həcmin 6 mlrd kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd kubmetri isə Avropaya nəql ediləcək. Cənub Qaz Dəhlizi layihəsinin digər bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. TAP Bolqarıstanın qaz ehtiyacının 33%-ni, Yunanıstanın 20%-ni, İtaliyanın isə, təxminən, 10,5%-ni qarşılayacaq.

Son xəbərlər

Orphus sistemi