Belçikanın energetika naziri Tinne Van der Straeten Bakı Enerji Forumunda iştirak etmək üçün Azərbaycana dəvət edilib.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, onu energetika naziri Pərviz Şahbazov Belçika Krallığına səfəri çərçivəsində bu ölkənin energetika naziri ilə keçirilən görüşdə dəvət edib.
Görüşdə Avropa İttifaqı ilə strateji enerji tərəfdaşlığına uyğun olaraq Azərbaycandan təbii qaz və bərpa olunan enerji tədarükü üzrə həyata keçirilən layihələr barədə məlumatlar verilib. Əlavə qaz təchizatı üçün Cənub Qaz Dəhlizi və "Həmrəylik Halqası" marşrutlarının təkmilləşdirilməsinin vacibliyi qeyd olunub.
Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstanı birləşdirən və Bolqarıstanın da maraq göstərdiyi "yaşıl enerji" bağlantısı, həmçinin Şimal dənizində Belçikanın külək enerjisi layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.
Dənizdə külək enerjisindən istifadə sahəsində Belçika ilə təcrübə mübadiləsi üzrə əməkdaşlıq etməyə dair razılıq əldə edilib.