OPEC+ çərçivəsində dünən hasilatı may ayından etibarən artırmaq qərarının iqtisadiyyatın dirçəlməsinə dair nikbin əlamət olaraq qarşılanması ilə neftin qiymətləri xeyli artsa da, bu gün yenə azalıb.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 9:20-yə olan vəziyyətə görə, Londonun “İCE Futures” birjasında “Brent” markalı neftin iyun fyüçersləri 0,32 faiz ucuzlaşaraq 64,65, Nyu-York Əmtəə Birjasında (NYEX) WTI markalı neftin may fyüçersləri də 0,3 faiz ucuzlaşaraq 61,24 ABŞ dollarından satılıb. Dünən isə sözügedən fyüçerslər müvafiq olaraq 3,4 faiz və 3,9 faiz bahalaşmışdı.
Xatırladaq ki, dünən OPEC+ Nazirlər Monitorinq Komitəsinin iclasında gündəlik hasilatı may və iyun aylarında 350 min barel, iyul ayında da 44 min barel artırmaq qərarı verildi. Beləliklə, əvvəllər hələ yanvar ayından nəzərdə tutulmuş hasilat həcminə çıxmış olacaqlar. Eyni zamanda, hasilatı birtərəfli qaydada gündəlik 1 milyon barel ixtisar etmiş Səudiyyə Ərəbistanı həmin boşluğu dolduracaq.
Daha əvvəl xəbər verildiyi kimi, bu il dünyada neftə tələbat proqnozu 5,9 milyon barreldən 5,6 milyon barelədək azaldıldı. “Neft istehsalçısı ölkələri etiraf edir ki, ABŞ iqtisadiyyatı açıldığı üçün dünyada neftə tələbat artacaq, amma hasilatın nəzərdə tutulmuş artımı o qədər cüzidir ki, tələbat tam bərpa olarsa, bazarda xammal qıtlığı yaranacaq”, – “Price Futures Group”un eksperti Fil Flinn “MarketWatch”a bildirib.