Bolqarıstan İGB-nin tikintisindəki yubanmalardan narahatdır

Bolqarıstan İGB-nin tikintisindəki yubanmalardan narahatdır Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaq.
Energetika
14 Sentyabr , 2021 14:18
Bolqarıstan İGB-nin tikintisindəki yubanmalardan narahatdır

Bolqarıstanın energetika naziri Andrey Jivkov Azərbaycana məxsus təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İnterconnector Greece – Bulgaria: IGB) tikintisi ilə bağlı aparılan işlərdən yaranan yubanmalardan narahatçılığını bildirib.

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, A. Jivkov bu barədə Yunanıstanın Saloniki şəhərində keçirilən Cənubi-Şərqi Avropanın V Enerji Forumu çərçivəsində Yunanıstanın energetika naziri Kostos Skrekas və ABŞ-ın Bolqarıstandakı səfiri Herro Mustafa ilə görüşündə bildirib.

Nazir A.Jivkov bildirib ki, Bolqarıstan hökuməti boru kəmərinin tikintisinin sürətləndirilməsində podratçılara bütün köməklikləri edir. O bildirib ki, bu dəstək sayəsində Maritsa çayı və "Studen Kladenets" bəndinin kəsişməsi uğurla başa çatıb.

Xatırladaq ki, IGB boru kəmərinin səhmdarları bu ilin sonuna qədər tikintini fiziki olaraq tamamlamaq öhdəliklərini təsdiqləyiblər. Son yenilənmiş cədvələ əsasən, boru kəmərinin kommersiya fəaliyyəti gələn ilin ortalarında başlamalıdır.

Nazirlər Jivkov və Skrekas bölgədə enerjinin şaxələndirilməsinin açarı olan layihənin inkişafına tam sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Daha öncə forum zamanı Bolqarıstanın energetika naziri ölkədə qaz infrastrukturunun inkişafını regional qarşılıqlı əlaqənin gücləndirilməsi və enerji təhlükəsizliyinin yaxşılaşdırılması üçün yaxşı bir nümunə kimi qeyd edib. O, əhəmiyyətli layihələr arasında İGB və Aleksandropolis yaxınlığındakı mayeləşdirilmiş təbii qaz terminalının olduğuna diqqət çəkib. Onların vasitəsilə bölgə təbii qaz təchizatı üçün müxtəlif mənbələrə və marşrutlara çıxış əldə edəcək.

Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.

O, həmçinin cənubdan şimala qaz tədarükü üçün Şaquli Qaz Dəhlizinin əsas olduğu regional infrastruktur layihələrindən də danışıb. “EastMed” boru kəməri bölgə ölkələrinə Kipr, İsrail və Şərqi Aralıq dənizindəki qaz yataqlarına çıxışı təmin edəcək.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi