Bolqarıstanın Baş naziri Kiril Petkov Azərbaycandan alınacaq təbii qazın qiymət baxımından sərfəli olacağını bildirib.
Bu barədə “Report” Bolqarıstan mətbuatına istinadən xəbər verir.
“May ayı üçün təbii qazın qiyməti 15 % bahadır, lakin iyunda bu, aprel ayı səviyyəsində olacaq. Həmin vaxt Yunanıstanla sazişin hazır olub-olmamasından asılı olmayaraq Azərbaycandan təbii qaz daxil olmağa başlayacaq”, - Baş nazir əlavə edib.
O, qeyd edib ki, Amerika şirkəti ilə razılaşdırılmış təbii qaz artıq yoldadır.
“Gəmilər getdi. Onların hara yan alacaqlarını, qiymətin nə olduğunu bilirik”, - Kiril Petkov qeyd edib.
Baş nazirin sözlərinə görə, ABŞ-dan qazın qiyməti meqavat-saat üçün 26 dollar, Avropada bir meqavat-saat üçün 100 avro, “Qazprom”dan isə 72 avro olmaqla razılaşdırılıb:
Plana görə, gəmilər iyunun 8-i və 23-də gəlməlidir. Lakin Petkov gəmilərin harada olduğunu açıqlamaq istəməyib.