Boradigahın işıq problemi: transformatorların istismar müddəti bitib, dirəklər qəzalı vəziyyətdədir

Boradigahın işıq problemi: transformatorların istismar müddəti bitib, dirəklər qəzalı vəziyyətdədir Azərbaycanın ən böyük yaşayış məntəqələrindən olan Masallının Boradigah qəsəbəsinin elektrik təsərrüfatı infrastrukturunun yenilənməsinə ehtiyac var.
Energetika
2 Sentyabr , 2023 11:06
Boradigahın işıq problemi: transformatorların istismar müddəti bitib, dirəklər qəzalı vəziyyətdədir

Azərbaycanın ən böyük yaşayış məntəqələrindən olan Masallının Boradigah qəsəbəsinin elektrik təsərrüfatı infrastrukturunun yenilənməsinə ehtiyac var.

“Report”un cənub bürosunun məlumatına görə, qəsəbənin bir qrup sakini transformatorların və elektrik dirəklərinin qəzalı vəziyyətdə olmasından şikayətlənir.

Sakinlərin sözlərinə görə, ərazidəki transformatorlar istismar müddətini çoxdan başa vurub. Bundan başqa, yağışlı vaxtlarda transformatorlar əsl təhlükə mənbəyinə çevrilir. Üstü açıq, qəzalı transformatorların heç birinin mühafizə səddi yoxdur. Sakinlər onları narahat edən problemlərlə bağlı aidiyyəti qurumlara müraciət etmək məcburiyyətində qalıblar.

Onlar qeyd ediblər ki, ölkənin ən böyük şəhər tipli qəsəbələrindən olan Boradigahda 10 mindən artıq sakin yaşayır. Qəsəbədə iki məktəb, xəstəxana, poliklinika, polis bölməsi və digər dövlət qurumları fəaliyyət göstərir.

“Son illər qəsəbənin enerji təminatı sahəsində görülən əsaslı tək iş sayğacların kütləvi dəyişdirilməsidir. Qəsəbədə mövcud olan işıq dirəklərinin və transformatorların əksəriyyəti istismar müddətini bitirmiş və bərbad vəziyyətdədir. Transformatoların istisnasız olaraq heç biri mühafizə zolağına alınmayıb. Bu isə əsl təhlükə mənbəyidir. Onların yağla təminatı bərbad vəziyyətdədir. Nisbətən normal durumda olanların yüklənməsi çox olduğundan əksər məhəllələrə verilən gərginlik normalda 220-230 Vt. olmalı halda 190-195-dən çox olmur. Məişət texnikalarının az gərginlik verilməsi və qısa qapanma səbəbindən sıradan çıxması adi haldır”, - sainlər bildiriblər.

Onların sözlərinə görə, problem yaradan ən böyük səbəblərdən biri də Tüklə kəndindəki yarımstansiyadan Boradigaha gələn bir neçə kilometrlik məsafədəki əsas elektrik naqillərinin və dirəklərin bərbad olmasıdır. Güclü olmayan bir külək belə xətlərdə qırılmalara, saatlarla işıq kəsilməsinə səbəb olur. Kiçik bir ərazidəki təmir səbəbindən bütün qəsəbədə işıqlar sönür.

Masallı Rayon Elektrik Şəbəkəsinin rəisi Samir Hüseynov “Report”un cənub bürosuna açıqlamasında abonentlərin şikayətinin yerində araşdırıldığını söyləyib. Onun sözlərinə görə, məsələ ilə bağlı Bakıdan nümayəndə gəlib, sakinlərlə görüşüb. Müəyyən olunub ki, vəziyyət tam olaraq sakinlərin söylədikləri kimi deyil. Lakin problemlər mövcuddur və mütəmadi olaraq aradan qaldırılır: “Bir qrup vətəndaşın şəbəkənin işi ilə bağlı narazılığı yerindəcə araşdırılıb, münasibət bildirilib. Vətəndaşlar elektrik gərginliyinin aşağı olduğunu iddia ediblər. Bakıdan gələn nümayəndələrin iştirakı ilə evlərdə ölçmələr aparılıb. Gərginliyin 220 voltdan yuxarı olması qeydə alınıb. Müraciətdə əks olunan dayaqların da köhnə fotoşəkillər olduğu müəyyən edilib. Sakinlər özləri də bunu təsdiq ediblər. Çünki ərazidəki dayaqlar yenilənib. O ki qaldı köhnə transformatorlara, rəhbərlik tərəfindən həmin transformatorlar üçün təhlükəsizliyi təmin edən xüsusi örtük qutular ayrılıb. Biri artıq yerinə qoyulub, yaxın günlərdə digərlərinin də quraşdırılması həyata keçiriləcək”.

Qeyd edək ki, Boradigah qəsəbəsində 1 610 əhali, 164 qeyri-əhali abonenti var. Qəsəbə 110 - 35 kilovoltluq Tüklə yarımstansiyasından çıxan 10 kilovoltluq 6 saylı hava xəttindən qidalanır. Ərazidə müxtəlif güclərdə olan 14 transformator yarımstansiyası mövcuddur.

Son xəbərlər

Orphus sistemi