BP: “ACE layihəsi üzrə işlər ümumilikdə 94 % tamamlanıb”

BP: “ACE layihəsi üzrə işlər ümumilikdə 94 % tamamlanıb” Bu ilin üçüncü rübünün sonuna Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi üzrə işlər ümumilikdə 94 % tamamlanıb.
Energetika
2 Noyabr , 2023 13:02
BP: “ACE layihəsi üzrə işlər ümumilikdə 94 % tamamlanıb”

Bu ilin üçüncü rübünün sonuna Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi üzrə işlər ümumilikdə 94 % tamamlanıb.

“Report” xəbər verir ki, bu barədə “Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin III rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, bu ilin üç rübü ərzində ACE platformasının dayaq bloku tikildiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınıb və AÇG yatağı sahəsində suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılıb. Bu qurğu martın 16-da dənizə yola salınanadək istismar sınaqları vasitəsilə tam yoxlanıb.

Xatırladaq ki, aprel ayının 4-də Azərbaycan Prezidenti İlham Əliyev üst modulların inşa edildiyi Bibiheybətdəki tikinti-quraşdırma sahəsinə baş çəkərək tikintisi artıq başa çatmış qurğu dənizə öz daimi yerinə yola salınmazdan əvvəl onun hazırlıq vəziyyəti ilə tanış olub.

Üst modulların quruda aparılması planlaşdırılan əsas istismar sınaqları ilin birinci yarısında uğurla başa çatdırılıb. Təhlükəsizlik sınağı ilk dəfə idi ki, quruda, həm də azot qazından istifadə etməklə icra olundu. Əvvəllər belə sınaqlar yalnız dənizdə platforma işə salınarkən sistemə karbohidrogen vurmaqla keçirilirdi ki, ACE-də daha buna ehtiyac olmayacaq.

Əsas istismar sınaqları bitdikdən sonra, avqust ayının 7-də ACE platformasının üst modulları inşa edildiyi Bayıl tikinti-quraşdırma sahəsindən AÇG yatağı sahəsinə yola salınıb. Üst modulların daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırıldığından bu işlər təxminən iki günə tamamlanıb.

Daha sonra quraşdırma işləri dənizdə davam etdirilib. Belə ki, qazma qurğusunun dayaq blokunun üzərinə ilkin yerləşdirilməsi əməliyyatı tamamlanıb, istilik, ventilyasiya və havalandırma sistemlərinin, həmçinin yanğınsöndürmə nasosu, təmiz su təchizatı və çirkab suların emalı qurğuları istismara verilib.

Sonra platforma yaşayış üçün hazır oldu və sentyabrın 13-də bütün əməliyyatlar heyəti platformaya köçüb. Bundan əvvəl quraşdırma, istismar və sınaq işləri zamanı işçilərin yaşayışı üçün istifadə olunan “Azərbaycan” kran barjası isə layihə sahəsini tərk edib.

Həmçinin, sualtı işlərin bir hissəsi olaraq yükləmə çərçivəsi STB-1 daşıma barjasından uğurla çıxarılıb və dayaq bloku rejimi işə salınıb. Layihə çərçivəsində 1-ci, 3-cü, 5-ci sualtı qaz və 1-ci sualtı neft qovşaqları ilə bağlı işlər başa çatıb və “Şərqi Azəri” platformasında 16 düymlük suvurma ərsini qəbuledicisinin ayrılması işləri bitib.

2024-cü ilin əvvəlində ACE-dən hasilatın başlanması üçün tələb olunan bütün digər işlər və hazırlıqlar qrafikə uyğun olaraq davam edir.

Son xəbərlər

Orphus sistemi