BP: Regionda bütün hasilat və ixrac əməliyyatları normal qaydada davam edir

BP: Regionda bütün hasilat və ixrac əməliyyatları normal qaydada davam edir “BP-Azerbaijan” şirkəti Azərbaycan-Gürcüstan-Türkiyə regionunda əməliyyatçısı olduğu yataqlarda hasilat və ixracı normal qaydada davam etdirir.
Energetika
30 Sentyabr , 2020 13:58
BP: Regionda bütün hasilat və ixrac əməliyyatları normal qaydada davam edir

“BP-Azerbaijan” şirkəti Azərbaycan-Gürcüstan-Türkiyə regionunda əməliyyatçısı olduğu yataqlarda hasilat və ixracı normal qaydada davam etdirir.

Bunu “Report”a açıqlamasında Azərbaycanın əsas ixrac boru kəmərlərinin operatoru olan “BP Azerbaijan” şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirib.

Onun sözlərinə görə, şirkətin regiondakı bütün hasilat və ixrac əməliyyatları normal qaydada davam edir.

Xatırladaq ki, şirkət neft və qaz hasilatını əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından aparır. Neft və qazın ixracı isə Bakı-Tbilisi-ceyhan BTC) və Cənubi Qafqaz Boru Kəməri vasitəsi ilə həyata keçirilir.

Bu ilin ikinci rübündə AÇG-dən ümumi hasilat – Çıraq (38 000), Mərkəzi Azəri (123 000), Qərbi Azəri (122 000), Şərqi Azəri (66 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (53 000) platformalarından birlikdə – gündə orta hesabla 498 000 barel və ya ümumilikdə təxminən 91 milyon barel, yəni 12 milyon tondan artıq olub.

İlin ilk altı ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 9,4 mlrd standart kubmetr qaz və 1,9 mln ton (15,4 mln barel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 mln (ildə 20 milyarddan artıq) standart kubmetrdir.

İki rüb ərzində isə BTC vasitəsilə təqribən 15 mln ton (113 mln bareldən artıq) xam neft və kondensat ixrac olunub və Ceyhanda 145 tankerə yüklənib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

İlin ilk 6 ayı ərzində Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülük gücü 32,8 mln kubmetr olub.

Qeyd edək ki, sentyabrın 27-də erməni silahlı qüvvələri Füzuli, Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriyadan atəşə tutub. Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın hərbi hissələrin ön xətti də atəşə tutulub. Eyni vaxtda Ağdam, Füzuli, Cəbrayıl istiqamətindən düşmənin silahlı qüvvələrinin cəmləşməsi müşahidə olunub və onların hücuma hazırlaşdığı müşahidə edilib. Əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirib. Əks-hücum əməliyyatı nəticəsində Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri işğaldan azad edilib. Azərbaycan Ordusu digər istiqamətlərdə də uğurlu əks-hücum əməliyyatı həyata keçirir və düşmən böyük itkilər verərək geri çəkilir.

Son xəbərlər

Orphus sistemi