BP beynəlxalq dərs vəsaitlərinin Azərbaycana gətirilməsinə töhfə verib

BP beynəlxalq dərs vəsaitlərinin Azərbaycana gətirilməsinə töhfə verib Azərbaycan dilinə tərcümə edilmiş və təxminən 17 000 tələbənin faydalanması üçün yerli universitetlərə təqdim olunmuş əvvəlki altı dərsliyə əlavədir
Energetika
24 May , 2021 14:55
BP beynəlxalq dərs vəsaitlərinin Azərbaycana gətirilməsinə töhfə verib

Bu gün BP beynəlxalq universitetlərdə geniş istifadə edilən yeddi dərsliyin Azərbaycan dilinə tərcümə edilmiş nəşrlərini təqdim edib.

“Report” xəbər verir ki, bu, Azərbaycan dilinə tərcümə edilmiş və təxminən, 17 000 tələbənin faydalanması üçün yerli universitetlərə təqdim olunmuş əvvəlki altı dərsliyə əlavədir.

Bu həmçinin yerli universitetlərin zəngin beynəlxalq bilik və təhsil təcrübələrinə birbaşa çıxış əldə etməsinə kömək etmək üçün Azərbaycana ən yaxşı beynəlxalq tədris vəsaitlərinin gətirilməsinə yönəlmiş BP-nin böyük təhsil layihəsinin bir hissəsidir.

Layihə çərçivəsində Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmuş 13 dərsliyin hamısı yerli universitetlərdən və ekspertlərdən əldə edilmiş tövsiyələr əsasında seçilib. Bu kitablar dünyada ən geniş istifadə olunan dərsliklər arasındadır və bir çox aparıcı beynəlxalq universitetlər tərəfindən icbari tədris vəsaitlərinin siyahısına daxildir.

Yeni yeddi kitabın ictimaiyyətə təqdimatı münasibətilə keçirilən tədbirdə çıxış edən BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, dünyanın ən yaxşı üç iqtisadiyyat kitabının Azərbaycan dilində nəşr edilməsinin ardınca yerli universitetlərə vəd etdiyimiz növbəti 10 kitabın da Azərbaycan dilinə tərcüməsi başa çatıb: “Ümumilikdə Azərbaycana gətirdiyimiz 13 beynəlxalq kitab təxminən 7 038 səhifəlik tədris materialı təşkil edir və bundan Bakıda və digər bölgələrdə yerləşən 32 yerli universitetin təxminən 17 000 tələbəsi faydalanacaq. Düşünürük ki, bu, yerli universitetlərin öz tədris və təlim təcrübələrini təkmilləşdirmək və modernləşdirmək və ümumilikdə təhsilin keyfiyyətini artırmaq istiqamətindəki səylərinə böyük töhfə olacaq”

Yeni təqdim edilmiş yeddi kitabın siyahısına bunlar daxildir: İnsan resurslarının idarə edilməsi: Məhsuldarlıq, iş həyatının keyfiyyəti, mənfəət (müəllif: Ueyn F. Kassio); Kütləvi kommunikasiya mediası (müəllif: Con Vivian); Pul, bank və maliyyə bazarlarının iqtisadiyyatı (müəllif: Frederik S.Mişkin); Marketinqin prinsipləri (müəllif: Filip T. Kotler); Əməliyyatların idarə edilməsi prinsipləri: Dayanıqlı inkişaf və təchizat zəncirinin idarə edilməsi (müəlliflər: Cey Heyzer və Barri Render); Sosial Elmlərdə Keyfiyyət Tədqiqat Metodları (müəllif: Hovard Lune); Sosial işdə etik prinsiplər və dəyərlər: Hərtərəfli tədris planına kompleks yanaşma (müəllif: Allan Barski).

BP-nin maliyyələşdirdiyi bütün dərsliklərin tam siyahısı və onların hər biri haqqında daha ətraflı məlumat bu press-relizin əlavəsində təqdim edilib.

Bu kitablar BP-nin yerli universitetlərə hədiyyəsidir. Onlar həmçinin yerli kitabxanalar və əlaqədar ali təhsil müəssisələri vasitəsilə bütün maraqlı şəxslərin istifadəsinə açıq olacaq.

13 kitabın tərcümə və çap işlərinin ümumi dəyəri 1 milyon 614,45 min manatdır.

Son xəbərlər

Orphus sistemi