BP inklüziv cəmiyyət üzrə qabaqcıl beynəlxalq təcrübələri Azərbaycana gətirir

BP inklüziv cəmiyyət üzrə qabaqcıl beynəlxalq təcrübələri Azərbaycana gətirir Bu gün BP və tərəfdaşları üç sosial sərmayə layihəsinin tamamlanmasını və inklüziv cəmiyyətin inkişafı üçün təhsil və bacarıqların artırılması üzrə innovativ yanaşmaları təşviq edən iki yeni sosial təşəbbüsə başlayır.
Energetika
14 Mart , 2023 15:10
BP inklüziv cəmiyyət üzrə qabaqcıl beynəlxalq təcrübələri Azərbaycana gətirir

Bu gün BP və tərəfdaşları üç sosial sərmayə layihəsinin tamamlanmasını və inklüziv cəmiyyətin inkişafı üçün təhsil və bacarıqların artırılması üzrə innovativ yanaşmaları təşviq edən iki yeni sosial təşəbbüsə başlayır.

"Report"un məlumatına görə, layihələrin əsas məqsədi ən qabaqcıl təcrübələri formalaşdırmağa və əlilliyi olan şəxslərin sosial inteqrasiyası üçün ən yaxşı həll yollarını müəyyənləşdirməyə kömək etməkdir.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, BP tərəfdaşlarla birlikdə sosial sərmayə layihələri vasitəsilə inklüziv cəmiyyətin prinsiplərini təbliğ edərək əlilliyi olan insanların inteqrasiya imkanlarını fəal şəkildə təşviq etmək niyyətindədir: "Uğurla başa vurduğumuz üç layihənin və bu gün elan etdiyimiz yeni layihələrin ortaq bir məqsədi var – münasibətlərdə, dəyərlərdə və düşüncələrdə heç bir sosial təcridə yol verməyən bir cəmiyyətin formalaşmasına yardım etməkdir. Ən əsası isə, biz ümid edirik ki, iki yeni layihəmiz vasitəsilə bu sosial dəyişikliyin miqyasının və əhatə dairəsinin genişlənməsinə və kənd icmalarında inklüziv təhsil barədə məlumatlılığın artmasına kömək edəcəyik. İnanırıq ki, inklüziv cəmiyyətin təşviqinə töhfə verməklə biz ölkənin davamlı inkişafına dəstək vermiş oluruq. Bu inkişaf prosesində isə hər kəsin iştirakı və özünü dəyərli hiss etməsi vacibdir".

Tamamlanmış ilk layihə autizmin qiymətləndirilməsi, diaqnostikası, reabilitasiyası və terapiyası üzrə ixtisaslaşan müxtəlif kateqoriyadan olan insanların - terapevtlər, nevroloqlar, uşaq psixiatrları, pediatrlar, qulluq edən şəxslər, peşə mütəxəssisləri, çoxsaylı yerli universitetlərdən seçilmiş tələbə könüllülər, müalicəvi idman mütəxəssisləri və s. kimi aidiyyətli şəxslərin bacarıqlarını artırmaq və biliklərini təkmilləşdirmək məqsədi daşıyırdı. Layihə Bakıdan seçilmiş 60-a yaxın mütəxəssisə ən qabaqcıl beynəlxalq nəzəriyyələri, təcrübələri və bilikləri öyrənmək, həmçinin cari tendensiyaları mənimsəmək imkanı verib. Layihənin əhatə dairəsinə beynəlxalq səviyyədə təsdiq edilmiş təlim proqramlarından istifadə etməklə milli təlimçilərin hazırlanması da daxil olub.

Layihənin müddəti 20 ay, ümumi dəyəri isə təxminən 415 min manat (244 118 ABŞ dolları) təşkil edib. Layihə "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yerinə yetirilib.

Layihənin uğuruna əsaslanaraq, onun əhatə dairəsini genişləndirməklə kənd icmalarında da autizm mütəxəssislərinin bacarıqlarının artırılmasına dəstək vermək qərarına gəlinib.

Yeni layihə Gəncə, Daşkəsən, Tovuz, Ağstafa, Goranboy, Samux və Şəmkir rayonlarını əhatə edəcək. Layihəyə autizm və müalicəvi idman mütəxəssisləri, könüllülər və autizmin qiymətləndirilməsi, diaqnostikası, reabilitasiyası və terapiyası ilə məşğul olan digər qruplar üçün xüsusi təlimlər daxildir. Gəncədə mərkəzləşəcək təlimlər beynəlxalq standartlara və təcrübələrə əsaslanan proqramlardan istifadə etməklə xarici və yerli ekspertlər tərəfindən aparılacaq.

Layihənin müddəti bir il və dəyəri təxminən 98 min manat (57 647 ABŞ dolları) təşkil edir. Bu layihə də eyni təşkilat - "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən həyata keçiriləcək.

Tamamlanmış ikinci layihə əlilliyi olan uşaqların geniş cəmiyyətə inteqrasiyasının bir hissəsi olaraq idman və bədən tərbiyəsi ilə məşğul olması üçün imkanların yaradılmasına yönəlmişdi. Layihə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında inklüziv təhsilin effektiv forması olan hibrid (onlayn və oflayn) təhsil modelinin istifadəsini təşviq etmək üçün nəzərdə tutulub. Layihə həmçinin əlilliyi olan uşaqların abilitasiyası, reabilitasiyası və sosial inteqrasiyası sahəsində qabaqcıl beynəlxalq təcrübələri təşviq etmək məqsədi daşıyırdı. İxtisaslaşdırılmış inklüziv təhsilə səmərəli keçidi təmin etmək məqsədilə layihə çərçivəsində həmçinin Akademiyanın bir qrup müəllim və tələbəsi üçün xüsusi təlimlərin keçilməsi və eləcə də adaptiv bədən tərbiyəsi və idmanı əhatə etmək üçün Akademiyanın tədris proqramına dəyişiklik edilməsi də daxil idi.

Layihənin müddəti 13 ay və dəyəri təxminən 77,1 min manat (45 353 ABŞ dolları) təşkil edib. Bu layihə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən həyata keçirilib.

Tamamlanmış üçüncü layihə isə məktəblərdə inklüziv təhsilin gücləndirilməsinə yönəlmişdi. Layihə ümumtəhsil məktəblərində inklüziv təhsil mühiti yaratmaq və əlilliyi olan uşaqların sosial inteqrasiyası ilə bağlı davranış dəyişikliyini təbliğ etməklə inklüziv təhsil mədəniyyətinin təşviq olunması üçün nəzərdə tutulmuşdu. Layihə Elm və Təhsil Nazirliyi tərəfindən seçilmiş dörd pilot məktəbi – Bakı şəhərinin 202 və 246 saylı məktəblərini, həmçinin Sumqayıt şəhərinin 4 və 21 saylı məktəblərini əhatə edib.

Layihə çərçivəsində əlilliyi olan uşaqların öyrənmə və inteqrasiya səylərinə kömək məqsədilə qrup şəklində və fərdi qaydada xidmətlər göstərmək üçün seçilmiş məktəblərin hər birində xüsusi sinif otağı yaradılıb. Bu sinif otaqları əlilliyi olan uşaqların fərdi təhsil ehtiyaclarına cavab verən praktiki tədris və köməkçi texnologiyalar, xüsusi qurğular və mebellər, həmçinin proqram təminatı və audio-vizual vəsaitlərlə təchiz olunub.

Bundan əlavə, layihə çərçivəsində pedaqoji heyətdən seçilmiş qruplara – ümumilikdə təxminən 50 müəllimə, yeni avadanlıq və texnologiyadan səmərəli istifadəni, həmçinin öz məktəblərində ümumi inklüziv mühitin və mədəniyyətin qorunub saxlanılmasını təmin etmək üçün təlimlər keçilib.

Bu səkkiz aylıq layihənin ümumi dəyəri təxminən 260 min manat (152 941 ABŞ dolları) təşkil edib. Layihə Regional İnkişaf İctimai Birliyi tərəfindən yerinə yetirilib.

Bu uğura əsaslanaraq, layihənin daha geniş miqyasda davam etdirilməsi qərara alınıb. 2-ci mərhələdə Bakı, Sumqayıt, Şirvan, Gəncə, Abşeron, Quba, Şəki, Qazax, Xaçmaz, Qəbələ və Ağcabədi də daxil olmaqla ölkənin müxtəlif yerlərindən seçilmiş 24 məktəb əhatə olunacaq. Layihə xüsusi hazırlanmış təlim proqramı vasitəsilə 250-yə yaxın məktəb müəlliminin inklüziv təhsil sahəsində nəzəri biliklərini və praktiki bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyır.

Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçiriləcək bu yeni layihə müasir inklüziv təhsil siyasətini güclü şəkildə dəstəkləyir və Azərbaycanın təhsil sisteminin tərkib hissəsi kimi inklüziv təhsilin strateji inkişafını təşviq edir.

Bir il davam edəcək bu layihənin dəyəri 104 min manatdan çoxdur (61 176 ABŞ dolları). Layihənin icrası eyni təşkilat - Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi