Bu gün BP və onun tərəfdaşları Azərbaycanda yuxarı sinif şagirdləri üçün informatika fənninin tədrisinin təkmilləşdirilməsinə dəstək məqsədli üçillik layihəni uğurla tamamlayıb.
“Report”un məlumatına görə, bu layihə BP və tərəfdaşlarının təhsilin inkişafına və bütün səviyyələrdə yerli potensialın və bacarıqların gücləndirilməsinə dəstəyi çərçivəsində maliyyələşdirilib.
Layihənin məqsədi orta məktəblərin yuxarı sinif şagirdlərinə müasir və rəqabətədavamlı informatika bilikləri və bacarıqları aşılamaq və beləliklə, onların yeni qlobal informasiya iqtisadiyyatına inteqrasiyasına kömək etmək olub.
Bu layihə Təhsil Nazirliyi və Təhsil İnstitutunun əməkdaşlığı ilə 2017-ci ilin dekabr ayından həyata keçirilməyə başlanıb. Layihədə nəzərdə tutulmuş bütün iş həcmi uğurla yerinə yetirilib və nəticədə orta məktəblərin 10-cu və 11-ci sinif şagirdləri üçün informatika fənni üzrə beynəlxalq standartlara əsaslanan kurikulum hazırlanıb və tətbiq edilib, yeni kurikulumun tətbiqi üçün 10-cu və 11-ci siniflər üzrə yeni dərs və tədris vəsaitləri hazırlanıb, informatika fənninin tədrisinin keyfiyyətini artırmaq məqsədilə yuxarı sinif müəllimlərinə müvafiq təlimlər keçilib.
Layihə Bakıdan seçilmiş 25 orta məktəbin 50 müəllimini (hər məktəbdən 2 nəfər) əhatə edib və hazırda bu müəllimlər yeni kurikulumdan səmərəli istifadə edirlər. Müəllimlərin təlim proqramına ingilis dili və müasir dünyada informatika, informatikanın prinsipləri və informatika mövzuları kimi İT kursları daxil olub.
BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu, onların Təhsil Nazirliyi ilə əməkdaşlıq şəraitində həyata keçirdiyimiz ən uğurlu təhsil layihələrindən biridir: “Çox məmnunuq ki, hazırda Bakının 25 orta məktəbində yeni kurikulum, habelə yeni dərs və tədris vəsaitləri səmərəli şəkildə istifadə edilir və bununla da layihədə iştirak etmiş 50 müəllimin öz fəaliyyətini daha innovativ və müasir şəkildə həyata keçirməsinə imkan yaranır. Ümid edirik ki, seçilmiş 25 məktəbdə informatika fənninin tədrisinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi və uğurlu olması digər orta məktəbləri də yuxarı siniflərdə bu kurikulumdan və tədris materiallarından istifadə etməyə həvəsləndirəcək, bu da öz növbəsində beynəlxalq standartlara uyğun təhsil təcrübəsinin genişlənərək bütün ölkə boyu tətbiq edilməsi ilə nəticələnəcək. Mən təxminən 1 000 nəfər yuxarı sinif şagirdinin faydalanacağı bu layihədəki uğurlu əməkdaşlığa görə Təhsil Nazirliyinə, Təhsili İnstitutuna, Beynəlxalq Təlim və Layihə Mərkəzinə, müəllimlərə və layihəyə cəlb olunmuş bütün digər şəxslərə təşəkkür etmək istəyirəm və ümid edirəm ki, gələcəkdə layihədən faydalanan şagirdlərin sayı daha da artacaq”.
Azərbaycan təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, kompüter elmləri sahəsi dünyanın ən sürətlə böyüyən və ən yüksək gəlirli karyera cığırlarından biridir: “BP və tərəfdaşalrı ilə birgə icra olunan layihənin məqsədi şagirdlərin məktəb illərindən bu fürsətləri görmələrinə imkan yaratmaq və bu sahədə fərqli ixtisaslar seçmələrini təşviq etməkdir. Biz şagirdlərimizi təkcə qabaqcıl İKT texnologiyalarının istifadəçiləri kimi deyil, həm də onların yaradıcıları kimi görmək istəyirik. Elə bu məqsədlə də pilot layihə çərçivəsində məktəb şagirdlərinin məntiqi təfəkkürünü və problem həll etmə bacarığını inkişaf etdirən, onlara Python proqramlaşdırma dilinin dərinliklərini öyrədən təlim və tədris materialları hazırlamışıq.”
Layihənin ümumi dəyəri təxminən 800 000 AZN-dir. Layihənin icrası Beynəlxalq Təlim və Layihə Mərkəzi tərəfindən həyata keçirilib.
Qeyd edək ki, ötən 27 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial investisiya layihələrinə dəstək veriblər. Bu layihələrə təhsil və potensialın yaradılması proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturdan istifadə imkanının yaxşılaşdırılması, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsi, mədəni irs və idmanın inkişafına dəstək verilməsi və eləcə də hökumət qurumlarına texniki kömək göstərilməsi daxildir.