Dünya neft bazarında dalbadal dörd gündür qiymət artımı baş verir.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 15.09-a olan vəziyyətə görə “Brent” markalı neftin noyabr fyuçersləri 0,2 % (səhərki ticarət qiymətlərinə nisbətən) bahalaşaraq 77,43 ABŞ dollarından, “WTI” markalı neftin noyabr fyuçersləri isə dəyişməyərək 73,33 ABŞ dollardan satılıb.
Son dörd gün ərzində “Brent” 4,5 %, “WTI” isə 4,3 % bahalaşıb. Beləliklə, “Brent” markalı neftin qiyməti 2018-ci ilin oktyabr ayından bu yana ən yüksək həddə çatıb.
"Wall Street Journal" xəbər verir ki, “Marex” analitik mərkəzinin ekspertlərinə görə Yaponiyada neft idxalının gözlənilən artımı ilə bağlı xam neft bundan sonra da bahalaşmalıdır. Belə ki, 12-18 sentyabr tarixlərində ölkədə neft ehtiyatları 882,4 min kilolitr azalıb.
Buna baxmayaraq, bütövlükdə bazarda neftə tələbatın o qədər də böyük olmadığı bildirilir.