BTC kəməri ilə nəql edilən Azərbaycan neftinin daşıma xərcləri artıb

BTC kəməri ilə nəql edilən Azərbaycan neftinin daşıma xərcləri artıb Türkiyə hökuməti “keçid haqqı”larının yaxşılaşdırılması ilə artıq boru kəmərinin əsas operatoru olan BP şirkəti ilə bağlı razılıq əldə olunub
Energetika
21 Aprel , 2021 11:59
BTC kəməri ilə nəql edilən Azərbaycan neftinin daşıma xərcləri artıb

Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac Boru Kəməri ilə Türkiyə vasitəsilə daşınan Azərbaycan neftinin hər barel üçün Türkiyəyə ödəniləcək (buna bənzər xətlərdə 1,5-2 ABŞ dolları səviyyəsindədir) 55 sent olan “keçid haqqı”nın artırılması ilə bağlı Böyük Britanıyanın BP neft şirkəti ilə danışıqlar yekunlaşıb.

“Report”un məlumatına görə, bu barədə “Habertürk” neft-qaz sektorunda etibarlı mənbələrə istinadən xəbər verir.

Mənbənin verdiyi məlumata görə, Türkiyə hökuməti “keçid haqqı”larının yaxşılaşdırılması ilə artıq boru kəmərinin əsas operatoru olan BP şirkəti ilə bağlı razılıq əldə olunub.

Mənbə bildirir ki, rəsmi Ankara BTC-nin əsas operatoru BP şirkəti ilə dünyadakı enerji daşıma şərtlərinə əsaslanaraq və bir sıra nümunələr gətirərək, boru kəməri ilə daşıma haqqının artırılması tələbi irəli sürüb. Türkiyə tərəfi iqtisadi və texniki tərəflərini izah edib. Ödənişin son dərəcə aşağı olduğu qeyd edilib.

Etibarlı mənbə deyir ki, tərəflər bir masa ətrafında oturduqdan sonra “vəziyyət yaxşılaşıb”. Yəni, tərəflər enerji daşıyıcılarının çatdırılması ilə bağlı razılığa gəliblər. Ancaq məxfilik prinsiplərinin qorunması səbəbindən razılığa gəlinən qiymətlərlə bağlı heç bir məlumat verilmir.

Xatırladaq ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2020-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 475 milyon tondan artıq (3,57 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4 659 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

2020-ci İl ərzində isə BTC vasitəsilə 27,8 milyon tondan artıq (təqribən 211 milyon barel) xam neft və kondensat ixrac olunub və Ceyhanda 278 tankerə yüklənib. Son bir il ərzində BTC ilə nəqlin həcmi 3,2 milyon ton və ya 10,3 % azalıb.

Qeyd edək ki, "BTC Ko."nun səhmdarları BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %, 2020-ci ilin aprelin 16-dan “Chevron” şirkətini əvəz edib); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Son xəbərlər

Orphus sistemi