Bu gün Azərbaycanda 230 meqavat gücündə olan "Qaradağ" Günəş Elektrik Stansiyasının təməli qoyulur.
"Report" xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, energetika naziri Pərviz Şahbazov, Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei və "Masdar" şirkətinin idarə heyətinin sədri Mohammad Jameel Al Ramahi iştirak edəcəklər.
Ötən il aprelin 6-da Energetika Nazirliyi və ”Azərenerji” ASC “Masdar”la 230 meqavat gücündə Günəş Elektrik Stansiyası (GES) layihəsi üzrə investisiya müqaviləsi, enerji alqı-satqı müqaviləsi və ötürücü şəbəkəyə qoşulma müqaviləsi imzalayıb.
GES ildə 500 milyon kVt/saat elektrik enerjisinin istehsal olunmasına, 110 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına imkan yaradacaq. Layihənin dəyəri 200 milyon ABŞ dolları təşkil edir. Stansiya “Cənub” yarımstansiyasına qoşulmaqla enerji sisteminə inteqrasiya olunacaq.
Xatırladaq ki, “Energetika sektorunda islahatların surətləndirilməsi haqqında” ölkə Prezidentinin 2019-cu il 29 may tarixli sərəncamına uyğun olaraq bərpa olunan enerji sahəsinin inkişafı məqsədilə 10-a yaxın beynəlxalq enerji şirkəti, o cümlədən “Masdar” şirkəti ilə əməkdaşlıq edilərək, şirkətlərin investisiya layihələri ilə bağlı təklifləri hərtərəfli şəkildə təhlil olunub və yüksək rəqabət və şəffaflıq mühitində üç mərhələdə seçim prosesi həyata keçirilib. Seçim prosesinin nəticəsinə müvafiq olaraq Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə 2020-ci ilin 9 yanvar tarixində bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı icra müqavilələri imzalanıb. İcra müqaviləsi üzrə 230 MVt gücündə günəş elektrik stansiyasının reallaşdırılması ilə bağlı məsələlərin icrası da “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” dövlət başçısının 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış Komissiyanın fəaliyyəti çərçivəsində əlaqələndirilmiş şəkildə təmin edilir.