Bu ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 45 min 338,35 ton ilkin formalarda polietilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 50,974 mln ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,147 mln ABŞ dolları (1,71 dəfə) çoxdur və 243 ton (0,53%) azdır.
Ötən dövr ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 7,31 % olub.
Hesabat dövründə ilkin formalarda polietilenin ölkənin ümumi ixracdakı payı 0,8% olub.
Qeyd edək ki, Azərbaycanda aşağı və yüksək sıxlıqlı polietilen istehsal edilir. Aşağı sıxlıqlı polietilen Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda, yüksək sıxlıqlı polietilen isə “SOCAR Polymer” MMC-nin ötən ilin fevralında istismara verilmiş eyni adlı zavodunda istehsal edilir.