Bu il Azərbaycan qaz ixracını 3 %-ə yaxın artırıb

Bu il Azərbaycan qaz ixracını 3 %-ə yaxın artırıb ​​​​​​​Bu ilin yanvar-aprel aylarında Azərbaycan Avropaya 4,2 milyard kubmetr təbii qaz ixrac edib
Energetika
14 May , 2024 12:00
Bu il Azərbaycan qaz ixracını 3 %-ə yaxın artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Avropaya 4,2 milyard kubmetr təbii qaz ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar-aprel ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.

2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə Avropaya qaz satışı 0,3 milyard kubmetr və ya 7,7 % çoxdur.

Ümumilikdə isə ötən 4 ay ərzində Azərbaycandan xaricə qaz satışı 8,5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 % çoxdur.

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz satılıb. Türkiyəyə qaz ixracı 0,2 milyard kubmetr ya 5,9 % azdır. Gürcüstana isə nəql edilən təbii qazın həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə eynidir.

Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 1,8 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə 0,1 milyard kubmetr və ya 5,3 % azdır.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Son xəbərlər

Orphus sistemi