COP29-un keçiriləcək məkanın enerji təchizatı tam olaraq “yaşıl enerji” mənbələri vasitəsilə təmin ediləcək

COP29-un keçiriləcək məkanın enerji təchizatı tam olaraq “yaşıl enerji” mənbələri vasitəsilə təmin ediləcək Bu gün COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Yaşıl Enerji Elektrik Stansiyası” MMC arasında Anlaşma Memorandumu imzalanıb.
Energetika
29 Oktyabr , 2024 15:29
COP29-un keçiriləcək məkanın enerji təchizatı tam olaraq “yaşıl enerji” mənbələri vasitəsilə təmin ediləcək

Bu gün COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Yaşıl Enerji Elektrik Stansiyası” MMC arasında Anlaşma Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, memorandumu COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin Aparat rəhbəri Hikmət Mustafayev və “Yaşıl Enerji Elektrik Stansiyası” MMC-inin səlahiyyətli nümayəndəsi Emil İbadov imzalayıblar.

COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü və mətbuat katibi Ayan Nəcəf bildirib ki, memorandum, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində tədbirlərin keçiriləcəyi məkanın elektrik enerjisi ilə təminatını nəzərdə tutur:

“Bakı Olimpiya Stadionunun enerji tələbatının “yaşıl enerji” mənbələrindən qarşılanması məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə “AzərEnerji” ASC-nin nəzdində fəaliyyət göstərən “Yaşıl Enerji Elektrik Stansiyası” arasında Anlaşma Memorandumu imzalanıb”.

O, həm təchizatçı, həm də icraçı qurumların müqavilənin icrasına birbaşa cəlb olunduğunu qeyd edib: “Tədbir müddətində COP29-un daimi infrastrukturunu elektrik enerjisi ilə təmin etmək üçün ümumilikdə 4 min kilovat/saat enerji tələb olunacaq”.

A. Nəcəf əlavə edib ki, tədbirin keçiriləcəyi məkanın enerji təminatının daha geniş hissəsi generatorlar vasitəsilə həyata keçiriləcək: “ABŞ-dən idxal olunan bu generatorlar hidratlaşdırılmış bitki yağı (HVO) ilə işləyir. Bu isə məkanın enerji təchizatını tam olaraq “yaşıl enerji” mənbələri vasitəsilə təmin etməyə imkan yaradır”.

Qeyd edək ki, “Yaşıl Enerji Elektrik Stansiyası” MMC adlı şirkət ötən ilin sentyabr ayında təsis edilib. Şirkətin nizamnamə kapitalı 100 000 manat olmaqla Laçın şəhərində dövlət qeydiyyatına alınıb.

FOTO: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi