Azərbaycanın Gürcüstan əhalisi üçün 200 milyon kubmetr həcmində sosial təyinatlı qazın güzəştli tarif əsasında ixrac etməsi təkcə iqtisadi, humanist və sosial tədbirlərdən əlavə, həm də geostrateji bir məsələdir.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.
Onun sözlərinə görə, Vətən müharibəsi zamanı Gürcüstan Azərbaycana çox böyük dayaq oldu: “Halbuki bu ölkə əks istiqamət də tuta bilərdi”.
Millət vəkili düşünür ki, Azərbaycanın Gürcüstana sosial təyinatlı qazı güzəştli tarif əsasında ixrac etməsi ancaq ölkəmizə siyasi dividendlər gətirəcək: “Bu addım sadə camaata əlverişli şərait yaratmaqla yanaşı, eyni zamanda Azərbaycanın özü üçün də çox vacibdir”.
Deputat deyir ki, Gürcüstanın Azərbaycanın yanında olmağı bizim üçün əhəmiyyətli məsələdir: “Bilirik ki, hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda ən böyük vergi ödəyicisidir. Eyni zamanda SOCAR bu ölkədə bir sıra sosial tədbirlər həyata keçirir. Ümumiyyətlə, Gürcüstanın Azərbaycana bağlanmasında SOCAR-ın əhəmiyyəti böyükdür. Bunun üçün də mən bu məsələyə yaxşı baxıram”.
T.Kərimli bildirib ki, Gürcüstanda ehtiyacı olan insanların daha ucuz təbii qazla təmin edilməsini dəstəkləyir: “Düşünürəm ki, bu yolla Azərbaycan-Gürcüstan dostluğu daha da möhkəmlənir. Buna müsbət yanaşılmalıdır”.
Xatırladaq ki, SOCAR və Gürcüstan hökuməti arasında imzalanan sazişə əsasən, Azərbaycandan Gürcüstanın daxili sosial seqmenti üçün təbii qaz endirimli qiymət əsasında tədarük olunacaq.
SOCAR-ın Gürcüstandakı törəmə “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov bildirib ki, Gürcüstanda təbii qazın sosial kateqoriyaya məxsus istehlakçıları üçün daha çox rahatlıq yaratmağa imkan verəcək: “Bununla belə əhali üçün aşağı qaz qiymətlərindən dövlətin üzərinə düşən yük artmayacaq. Sabit qiymətlərə görə bu yük azalacaq”.
Qeyd edək ki, dünən Gürcüstanın baş naziri səlahiyyətlərini icra edən Giorgi Qaxariya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşüb. Görüşdə Gürcüstan və Azərbaycan arasında mehriban qonşuluq münasibətləri və müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq məsələləri müzakirə olunub.
Xüsusi diqqət SOCAR-ın Gürcüstanda həyata keçirdiyi investisiya layihələri və əməkdaşlığın dərinləşdirilməsinə yönəldilib. Qeyd olunub ki, Gürcüstanın Neft və Qaz Korporasiyası təbii qaz sahəsində SOCAR şirkəti ilə uğurlu əməkdaşlıq edir. Bunun da daha bir nəticəsi Gürcüstanda sosial təyinatlı təbii qaza olan qiymətin sabitləşdirilməsi barədə razılığın əldə olunmasıdır.
Gürcüstan hökumətinin tapşırığı ilə ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi, Neft və Qaz Korporasiyası və SOCAR arasında aparılan danışıqlar zamanı Gürcüstanın 200 milyon kubmetr həcmində sosial təyinatlı qazı güzəştli tariflə əldə etməsi ilə bağlı razılığa gəlinib.
2016-cı ildən qüvvədə olan müvafiq müqaviləni Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri vəzifəsini icra edən Natia Turnava, Neft və Qaz Korporasiyasının baş direktoru Giorgi Baxtadze və SOCAR prezidenti R.Abdullayev imzalayıb.
Razılaşma nəticəsində Gürcüstan hökuməti əhali üçün təbii qazın qiymətini daha uzun müddət ərzində sabit saxlaya biləcək.