“Dostluq” layihəsi Azərbaycanın neft hasilatının stabilləşməsinə töhfə verəcək

“Dostluq” layihəsi Azərbaycanın neft hasilatının stabilləşməsinə töhfə verəcək Artıq ilk dəfə olaraq iki türk dövləti bir-biri ilə məhz neft və qaz hasilatı ilə bağlı razılığa gəlirlər
Energetika
21 Yanvar , 2021 16:30
“Dostluq” layihəsi Azərbaycanın neft hasilatının stabilləşməsinə töhfə verəcək

"Artıq iki ölkənin birləşərək, o cümlədən Azərbaycan tərəfində “Kəpəz”, Türkmənistan tərəfdə “Sərdar” adlandırılan yatağın “Dostluğ”a çevrilməsi Azərbaycanla Türkmənistan arasında bundan sonrakı enerji sahəsində əməkdaşlığın bariz nümunəsidir".

Bunu “Report”a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib.

Ekspert xatırladıb ki, “Kəpəz” yatağı Azərbaycanın sahilindən təqribən 140 kilometr uzaqlıqda onun sektoruna aid ən sonuncu yataqdır: “1989-cu ildə Azərbaycan neftçiləri tərəfindən geofiziki yolla tapılmamaqla deyil, məhz kəşfiyyat quyusu qazılmaqla yatağa çevrilən bir layihə olub. 1997-ci ildə “Kəpəz” yatağı ilə bağlı Rusiya tərəfi ilə Azərbaycanın müqaviləsi olub. Buna isə Türkmənistan tərəfi etiraz etmişdi. O zamandan bəri, yəni 24 ildir bu yataq mübahisəli yataq kimi qalırdı”.

İ.Şabanın sözlərinə görə, artıq 5 ilə yaxındır ki, Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri səviyyəsində enerji layihələrinin enerji əməkdaşlığına dair görüşlər keçirilir. Məhz bu görüşlər üç dost və qardaş ölkənin birgə enerji layihələrinin əməkdaşlığı və bunun perspektivləri çərçivəsində müzakirələr aparılırdı.

"Nəzərə alsaq ki, Xəzərin o tayından ən böyük neft həcmləri bu gün Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyə terminalına, o cümlədən Azərbaycan üzərindən Türkmənistanın neft məhsulları Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kulevi terminalı vasitəsilə dünya bazarına çıxarılır, artıq ilk dəfə olaraq iki türk dövləti bir-biri ilə məhz neft və qaz hasilatı ilə bağlı razılığa gəlirlər. İndiyədək Azərbaycanın Xəzər dənizində heç bir ölkə ilə birgə hasilat layihəsi olmayıb. “Dostluq” layihəsi həm də Azərbaycanın neft hasilatının stabilləşməsinə öz töhfəsini verəcək. Nəzərə alsaq ki, bu yataq “Qarabağ” yatağının yaxınlığında yerləşir, bu yataqda həmçinin qaz ehtiyatları da mövcuddur. Bu yataq özünün geoloji quruluşuna görə “Qarabağ” yatağına oxşar yataqdır. Ancaq bu yatağın ehtiyatları ondan böyükdür”.

"Bu yatağın Azərbaycanın infrastrukturu və imkanları ilə bazara çıxarılması və kapitala çevrilməsi ilk olaraq hər iki ölkəyə əlavə gəlir gətirəcək"

İlham Şaban

İqtisadçı ekspert

Onun sözlərinə görə, təbii ki, karbohidrogen ehtiyatlarının yerin dərinliklərində qalması heç bir ölkəyə - nə Türkmənistana, nə də Azərbaycana hansısa dividend gətirmir: “O, sadəcə ehtiyat idi. Ancaq onun Azərbaycanın infrastrukturu və imkanları ilə bazara çıxarılması və kapitala çevrilməsi ilk olaraq hər iki ölkəyə əlavə gəlir gətirəcək. Bu həmçinin iki ölkə arasında enerji sahəsində, o cümlədən iqtisadi-siyasi sahədə əməkdaşlığı yeni formata çevrəcək. Digər tərəfdən, bu, Azərbaycanın Xəzər hövzəsində neft-qaz hasilatçısı ölkəsi kimi nüfuzunun artmasına dəstək olacaq ki, məhz əməkdaşlıq yolu ilə o bütün ölkələrlə öz töhfəsini verə bilir”.

Ekspert əlavə edib ki, gələcəkdə “Dostluq” yatağından çıxarılan təbii qaz Cənubi Qaz Dəhlizi boru kəmərindən Avropa bazarlarına ötürülməsində də istifadə edilə bilər.

Xatırladaq ki, bu gün Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Memorandumun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.

Qeyd edək ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar.

SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhəddinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlanırılıb. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.

Son xəbərlər

Orphus sistemi