Dörd gün əvvəl plan üzrə dayandırılmış “Drujba” boru kəmərinin Mixalki-Brodı hissəsi yenidən neftin tədarükünə başlayıb.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın “Transneft” şirkəti prezidentinin müşaviri və mətbuat katibi İqor Demin bildirib.
Onun sözlərinə görə, plana uyğun olaraq, bu gün Bakı vaxtı ilə saat 00:00-dan “Drujba” boru kəmərinin Mixalki-Brodı hissəsi avers rejiminə keçib.
“Drujba” boru kəmərinin bu hissəsi Ukraynanın “Yujnı” limanından Belarusun Mozır neft emalı zavoduna revers tədarükü üçün planlı şəkildə dayandırılmışdı. Belarusun “Naftan” və “Mozır” neft emalı zavodlarına neftin tədarükü ənənəvi olaraq “Drujba” boru kəməri ilə aparılır.
Ancaq 2020-ci ilin əvvəllərində Rusiya ilə münasibətlərdəki növbəti neft böhranı fonunda Belarus alternativ tədarük layihələrini həyata keçirmək niyyətində olduğunu bildirib.
Bu ilin birinci rübündə Rusiyadan neft tədarükü olmayıb və Belarus Norveç, Səudiyyə Ərəbistanı, ABŞ və Azərbaycandan alternativ olaraq tanker neftinin idxalına başlayıb.
“Belneftexim” konsernindən isə bildiriblər ki, bu boru kəməri Baltikyanı və Ukrayna limanlarından neft tədarükünü təmin edərək Belarusa alternativ neft idxalı logistikasını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaya imkan verəcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Belarusa tədarük etdiyi neft Ukraynanın Odessa şəhərinin “Yujnı” limanından Odessa-Brodı boru kəməri ilə Kremençuq neft emalı zavoduna nəql edilir. Bu ilin sonuna qədər Azərbaycanın Belarusa 1 milyon ton neft tədarük edəcəyi gözlənilir.