Ekspert: “Azərbaycan “yaşıl enerji” ilə bağlı çağırışlardan geri qala bilməz”

Ekspert: “Azərbaycan “yaşıl enerji” ilə bağlı çağırışlardan geri qala bilməz” Azərbaycan “yaşıl enerji siyasəti” ilə paralel iqtisadiyyatının da sürətlə neftdən asılılığının azaldılması istiqamətində siyasət aparmaqla gələcəkdə ortaya çıxacaq potensial riskləri müəyyən qədər balanslaşdıra bilər
Energetika
25 İyun , 2021 15:07
Ekspert: “Azərbaycan “yaşıl enerji” ilə bağlı çağırışlardan geri qala bilməz”

"Yaşıl enerji” siyasəti bir çox ölkələrdə çox irəli gedib. Bu istiqamətdə həm kifayət qədər nəticələr əldə olunub, həm də yaxın dövr, yəni 2030-2040-cı illər üçün böyük hədəflər qarşıya qoyulub.

Bu sözləri "Report"a alternativ enerjidən istifadənin Azərbaycan üçün yarada biləcəyi iqtisadi nəticələri şərh edən iqtisadçı ekspert Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycanda vəziyyət nisbətən fərqlidir: “Bu, tək Azərbaycana xas deyil. Karbohidrogen resursları ilə zəngin olan ölkələrin çoxunda bu prosesə nisbətən daha ləng və soyuq yanaşma var ki, bu da təbii haldır".

Ekspert ölkəmizdə alternativ enerjidən istifadəyə fərqli yanaşmanın olmasının səbəblərinə toxunub:

"Bir tərəfdən, əksər hallarda ənənəvi enerji daxili bazarlarda nisbətən daha ucuz qiymətə satıla bilir. Məsələn, Azərbaycanda elektrik enerjisinə olan tələbatın əhəmiyyətli hissəsi bu gün subsidiyalaşmış qazdan istifadə edilməklə istehsal olunur. Bu baxımdan bazarda “yaşıl enerji” nisbətən baha başa gəlir. Yeni texnologiyalar kifayət qədər böyük investisiya qoyuluşları tələb edir və həmin enerjinin bazara nisbətən baha qiymətə təklif olunması zərurəti yaradır. Belə şərtlər daxilində adətən karbohidrogen resursları olan ölkələrdə, o cümlədən Azərbaycanda “yaşıl enerji”yə təbii meyllilik aşağı səviyyədə olur”.

Amma ekspert deyir ki, bütün bunlara baxmayaraq, bir qlobal çağırış da var: “Azərbaycan bu çağırışdan geri qala bilməz. Xüsusilə də nəzərə almaq lazımdır ki, müəyyən konvensiyalar çərçivəsində Azərbaycan təbiətin, atmosferin çirkləndirilməsi istiqamətində öhdəliklər götürür. Bu öhdəliklər üzrə də müəyyən hədəflərə nail olmaq üçün məhz bu istiqamətdə Azərbaycanın addım atmasına ehtiyac var. Qarabağda infrastruktur yenidən qurulur. Yenidən qurulan bir infrastrukturun müasir çağırışlara uyğun şəkildə olması qaçılmazdır. Düşünürəm ki, Azərbaycanda bu istiqamətdə resursları yönləndirmək mümkündür”.

R. Həsənov iri neft şirkətlərinin alternativ enerji sahəsinə investisiya yatırmasını da ön plana çəkib: "Müəyyən böyük neft şirkətləri belə artıq “yaşıl enerji” sahələrinə investisiya transfer edirlər. Azərbaycanın bu şirkətlər ilə münasibətləri uzun tarixi inkişaf yolu keçib. Həmin şirkətlərin gələcək inkişaf planlarında Azərbaycanın da payının olması, yaxud onların inkişaf strategiyalarına Azərbaycanın da daxil edilməsi çox vacib məqamdır. Artıq həmin şirkətlər də “yaşıl enerji” sahəsinə transformasiya edirlərsə, biz də bu bazardan pay almalıyıq. İnvestisiyanın ölkəyə axınının təmin edilməsi məqsədilə artıq hansısa formada “yaşıl enerji”nin Azərbaycanda inkişaf etdirilməsi, istehsal imkanlarının genişləndirilməsinə şərait yaratmalıyıq. Bunun müsbət tərəfləri kifayət qədər çoxdur. Burda söhbət təmiz və bərpa olunan enerjidən, ekologiyaya daha az zərərin vurulması və təbii resursların daha az istismarından gedir".

Ekspert alternativ enerjidən istifadənin yarada biləcəyi mənfi təsirlərdən də danışıb:

"Alternativ enerji mənbələrindən istifadəyə keçidin Azərbaycan aspektindən müəyyən qədər neqativ təsirləri də olacaq. Burda neftə, qaza tələbatın müəyyən qədər aşağı düşməsini göstərə bilərik. Düzdür, indiki halda qaza tələbat artan dinamika ilə davam edir. Bu hələ uzun müddət özünü göstərəcək. Hansı ki, həmin dövrdə Azərbaycanın mövcud qaz resurslarını likvidləşdirə, realizə edə bilərik. Amma neftə tələbat sürətlə aşağı düşən istiqamətdə gedəcək. Çünki xüsusilə də 2035-ci ildən sonra qlobal enerji tələbatında “yaşıl enerji”nin payının əhəmiyyətli səviyyədə artması baş verəcək. Bu da müəyyən qədər neftə tələbin azalması səbəbindən qiymətlərin aşağı düşməsinə və dolayısı ilə Azərbaycanın bu mənbələrdən əldə etdiyi gəlirlərin azalmasına gətirib çıxaracaq”.

Ekspert düşünür ki, demək ki, Azərbaycan bir neçə çağırışla üz-üzədir: “Bir tərəfdən sağlam və təmiz, ekoloji cəhətdən səmərəli bir həyat. Digər tərəfdən isə azalan gəlirlər. Amma nəzərə alaq ki, gəlirlərin azalması da müəyyən bir dövrdən sonra başlayacaq. Burda ciddi təsirlərin hiss olunmasına təxminən 10-15 il vaxt lazımdır. Deməli Azərbaycan “yaşıl enerji siyasəti” ilə paralel iqtisadiyyatının da sürətlə neftdən asılılığının azaldılması istiqamətində siyasət aparmaqla gələcəkdə ortaya çıxacaq potensial riskləri müəyyən qədər balanslaşdıra bilər".

Son xəbərlər

Orphus sistemi