"Azərbaycan “yaşıl energetika” ilə bağlı gündəlikdən kənarda qalmamalıdır. Bu gün “yaşıl enerji” məsələsi dünya iqtisadiyyatında mövcud olan trendlərdən biridir. Hesab edirəm ki, biz bu məsələyə sistemli və geniş yanaşmalıyıq".
Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
Onun sözlərinə görə, bir tərəfdən “yaşıl energetika” alternativ və bərpa olunan və ətraf mühitə zərər verməyən yanaşmanı özündə ehtiva edir: “Digər tərəfdən isə enerji qoruyucu texnologiyalar tətbiq edilməklə kifayət qədər ciddi şəkildə ətraf mühitə zərərin verilməsinin qarşısı alınır. Düşünürəm ki, məsələyə bu iki istiqamət üzrə yanaşmaq lazımdır”.
Ekspertin fikrincə, “yaşıl energetika”nın tətbiqi qısa müddətli perspektivin məsələsi deyil: “Burada kifayət qədər uzunmüddətli dayanıqlı dövlət yanaşmasına və dövlət proqramlarına ehtiyac var. İşğaldan azad olunan ərazilərin yeni iqtisadi idarəetmə modeli çərçivəsində həmin bölgələrdə “yaşıl iqtisadiyyat”ın geniş tətbiq edilməsi nəzərdə tutulub. Hesab edirəm ki, buna ilk növbədə Azərbaycanda “yaşıl energetika”nın inkişafına su resurslarının istifadəsi vasitəsilə, eyni zamanda günəş enerjisinin geniş şəkildə istifadəsi üçün müvafiq infrastrukturun yaradılması ilə mümkündür. İşğaldan azad olunmuş ərazilərdə su resursları ilə bağlı kifayət qədər böyük potensial mövcuddur. Həmçinin, bu gün günəş enerjisi öz rentabellik göstəricilərinə görə artıq istilik enerjisini keçməkdədir. Təbii ki, bunu da diqqətdən kənarda saxlamamalıyıq və günəş enerjisinə investisiyaları artırmalıyıq”.
E. Məmmədov hesab edir ki, təbii qazla bağlı da perspektivlər var: “Bundan başqa, Azərbaycanda hidrogenlə bağlı da perspektivlər mövcuddur. Çünki, təbii qazda karbohidrogen nöqteyi-nəzərindən karbonun izi daha azdır və bunu müvafiq texnologiyaların tətbiqi ilə bir qədər də azaltmaq mümkündür. Azərbaycan isə qaz istehsal edən ölkədir və gələcəkdə qaza olan tələbatın artması eyni zamanda karbon izinin azalması ilə müşahidə edilməlidir. Bunun üçün də bura investisiyaları indidən yatırmalıyıq ki, bu da kifayət qədər mühüm istiqamətdir”.
Onun fikrincə, burada müəyyən mənada külək enerjisinin istifadəsindən də söhbət gedə bilər: “Təəssüf ki, alternativ enerji resurslarının tətbiqi ilə məşğul olmalı olan dövlət qurumu qarşısına qoyulan məqsədlərə nail olmadı və həmin qurum ləğv edildi. Bu gün yanaşmada biz beynəlxalq təcrübəyə istinad etməliyik və eyni zamanda ilk növbədə o sahələrə qabaqlayıcı şəkildə investisiya qoymalıyıq. Ancaq dövlətin bu istiqamətdə imkanları kifayət qədər məhduddur. Bu sahə isə böyük investisiyalar tələb edir”.
Bunun üçün də ekspert hesab edir ki, ixrac rüsumlarının tətbiqi, ekoloji yığımların tətbiqi vasitəsilə, o cümlədən neft sektorunda çalışan transmilli şirkətlərə ekoloji yığımlarla bağlı ödənişlərin onların öhdəsinə qoymaqla bu vəsaiti əldə etmək mümkün olacaq: “Ölkədə ekoloji fondun yaradılmasına ehtiyac var. Unutmamalıyıq ki, bu gün “yaşıl gündəlik” beynəlxalq miqyasda qəbul edilmiş bir trenddir və trendə əsaslanaraq biz Azərbaycanda neft hasilatı ilə məşğul olan şirkətlərin, təşkilatların, qurumların, transmilli şirkətlərin ətraf mühitin çirklənməsi və ətraf mühitə verilən zərərin ödənilməsi ilə bağlı ekoloji yığımların ölkədə tətbiq edilməsi ilə bağlı öhdəlik qoyulmalıdır. Bu resursları tam şəkildə təbiətin assimlyasiyasına və təbiətin faktiki olaraq assimlyasiya potensialına, ətraf mühitin bərpa istiqamətləndirilməsinə nail ola bilərik. Eyni zamanda, ölkədə fəaliyyət göstərən bütün müəssisələrin ətraf mühitin qorunması ilə bağlı öhdəliklərinin qəbul olunması və qanunvericilik şəklində qoyulmasına ehtiyac var. Çünki bu, beynəlxalq təcrübədə də var və Azərbaycan “yaşıl energetika”nın inkişafına istiqamətlənməli olan resursların mənbəyi kimi çıxış edə bilər”.