2050-ci ilə qədər sıfır xalis emissiyaya nail olmaq üçün Azərbaycana 200 milyard ABŞ dolları həcmində investisiya lazımdır.
“Report” xəbər verir ki, bunu energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib.
“Qərarlar daha qətiyyətli olmalı və arxasında böyük investisiyalar dayanmalıdır. Bəzi rəqəmlər doğrudan da təəccüblüdür. Lakin, xalis sıfır yanaşması qaçılmazdır - başqa yolumuz yoxdur, əks təqdirdə dünyanı məhv etmiş olarıq. 2050-ci ilə qədər xalis sıfıra çatmaq üçün 40 gigavat/saatdan çox günəş və külək enerjisi lazımdır. Bu isə Azərbaycanda mövcud qoyuluş gücünün 5 qatıdır. 2050-ci ildə ölkənin elektrik enerjisi istehlakının 89 teravat/saata çatması gözlənilir. Hazırda bu göstərici 33 teravatdır, yəni üç dəfə artacaq”, - deyə o vurğulayıb.
E.Soltanov əlavə edib ki, investisiya baxımından əsas pay 24 %-lə elektrik enerjisi istehsalı sektoruna aiddir: "İkinci yerdə ev və binalar sektoru, üçüncü yerdə isə neft və qaz sektoru gəlir ki, bu sektor təxminən emissiyaların 26 %-nə cavabdehdir. Dördüncü sektor nəqliyyat, beşinci sənaye, altıncı tullantı sektoru, yeddinci isə kənd təsərrüfatı sektorudur".