"Cənub Qaz Dəhlizi (SGC) Türkiyə qaz bazarının dinamikasını dəyişdirib və artıq Azərbaycan Türkiyənin bir nömrəli qaz tədarükçüsü olub".
“Report”un məlumatına görə, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov "Atlantic Council" tərəfindən təşkil olunmuş vebinarda bildirib.
Onun sözlərinə görə, bu layihə Türkiyə üçün mövcud müqaviləli tədarüklərin üzərinə Azərbaycandan illik daha 6 milyard kubmetr təbii qazın əlavə olaraq tədarük edilir.
O əlavə edib ki, gələcəkdə Trans-Anadolu Qaz Boru Kəmərindən (TANAP) 20 %-ə qədər hidrogen qarışığı nəql edilə biləcək. O vurğulayıb ki, boru kəməri artıq hidrogen nəqlinə texniki cəhətdən hazırdır.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.