"Gələcəkdə Türkmənistandan Cənub Qaz Dəhlizi (SGC) ilə təbii qaz nəql edilə bilər. Həmçinin Xəzər dənizindəki Azərbaycanın əlavə qaz ehtiyatları da SGC üzərindən nəql edilə biləcək".
“Report”un məlumatına görə, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov "Atlantic Council" tərəfindən təşkil olunmuş vebinarda bildirib.
Onun sözlərinə görə, Bakı və Aşqabad keçən ay iki ölkənin Xəzər dənizindəki sektorları arasındakı sərhəddə yerləşən “Dostluq” yatağının birgə işlənməsi üçün əlamətdar bir saziş imzalayaraq böyük bir irəliləyiş əldə ediblər.
SOCAR-ın vitse-prezidenti bildirib ki, saziş əvvəllər Azərbaycanda “Kəpəz”, Türkmənistanda “Sərdar” kimi tanınan yatağın işlənmə hüququna sahib olduğu barədə Azərbaycanla Türkmənistan arasında 30 illik mübahisəni dayandırıb.
O, 2018-ci ilin avqust ayında Xəzər dənizinin hüquqi statusu Konvensiyasının imzalanması, SGC-nin tamamlanması və keçən ilin noyabrında Ermənistan-Azərbaycan müharibəsinin sona çatması olmasaydı, bu razılaşmanın mümkün olmayacağını söyləyib.
E.Nəsirov bildirib ki, Türkmənistanla imzalanan yeni Anlaşma Sazişi Orta Asiya qazının da SGC-yə qoşulması üçün daha çox imkanlar açacaq: “Ötən il bu yatağın adı uzun müddət davam edən mübahisədən sonra dostluq mənasını verən “Dostluq” adı olaraq dəyişdirilib”.
E.Nəsirov bildirib ki, 2018-ci il konvensiyasına əsasən, Xəzər dənizindəki iki qaz yatağı arasında ayrı bir ekoloji qiymətləndirməyə ehtiyac olmadan bir qaz kəməri inşa edilə biləcək: “Nəticədə qaz mənbələrini necə inkişaf etdirəcəyinə Türkmənistan özü qərar verəcək. Çünki Türkmənistan qazı əvvəllər İran üzərindən Türkiyəyə çatdırılırdı”.
Vitse-prezident SGC layihəsinin yekun büdcəsi 33 milyard ABŞ dolları səviyyəsində olduğunu deyərək vurğulayıb ki: “Bu da onun əvvəlki dəyəri olan 45 milyard ABŞ dollarından çox aşağıdır.
SOCAR rəsmisi qeyd edib ki, gələcəkdə İsrail də SGC-dən nəql ediləcək təbii qaz üçün mənbə ola biləcək: “İsrail qazının Türkiyəyə göndərilməsi və daha sonra türk bazarında mübadilə ilə TANAP-a daxil olması, Şərqi Aralıq dənizindən Avropaya qaz ixracı üçün kommersiya baxımdan ən əlverişli seçimdir. Biz bu variantı dəstəkləyirik".