EMTA: İstehsalçı-istehlakçı mübahisələrinin həllində qərəzsiz vasitəçi rolunu oynayırıq - MÜSAHİBƏ

EMTA: İstehsalçı-istehlakçı mübahisələrinin həllində qərəzsiz vasitəçi rolunu oynayırıq - MÜSAHİBƏ Biznes proseslərinin optimallaşdırılmasına yönəlmiş innovativ layihələrin işlənilib hazırlanmasına və tətbiq edilməsinə başlanılıb
Energetika
8 İyul , 2021 16:23
EMTA: İstehsalçı-istehlakçı mübahisələrinin həllində qərəzsiz vasitəçi rolunu oynayırıq - MÜSAHİBƏ
Samir Axundov

Ölkədə son illərdə qeyri-neft sektorunda, o cümlədən kommunal xidmətlər sahəsinin inkişafına, fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə yönələn uğurlu islahatlar həyata keçirilir. Bu sırada Azərbaycanın energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli 1209 nömrəli Sərəncamından irəli gələn islahatları misal gətirmək olar. Bu islahatların aparılmasına dair təkliflərin verilməsi bilavasitə Energetika Nazirliyinə tapşırılıb. Bura ölkənin elektroenergetika sahəsində rəqabətə əsaslanan liberal bazar münasibətlərinin formalaşdırılması, bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, qaz və istilik təchizatı sistemlərinin səmərəliliyini artırılması, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsinin təmin edilməsi və s. üzrə tədbirlərin həyata keçirilməsi daxildir.

"Report" Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundovla müsahibəsini təqdim edir.

- Samir müəllim, oxucularımızın Agentlik ilə yaxından tanış olmaları üçün fəaliyyətiniz haqqında ətraflı danışardınız, zəhmət olmasa.

- İlk öncə ondan başlayaq ki, kommunal sektorda tənzimləyici qurumun olması özü-özlüyündə təsbit olunmuş mütərəqqi təcrübədir və bu sahədə ilk uğurlu nəticələr elektroenergetika sahəsində qazanılıb. Hələ keçən əsrin 50-ci illərində Böyük Britaniya və Çili, 80-90-cı illərində isə Cənubi Amerika, Şimali Amerika, Avstraliya, bəzi Avropa və Asiya ölkələrində elektroenergetika sahəsində rəqabətə əsaslanan liberal bazar münasibətləri sürətlə formalaşmağa başlayıb və tənzimləyici qurumlar yaradılıb. Beləliklə, dayanıqlı və etibarlı təchizatın təmin edilməsi məqsədilə digər kommunal xidmət sahəsində də tənzimləmə aparılaraq bazar münasibətləri inkişaf etdirilib.

Hal-hazırda elektroenergetika sahəsində bazar münasibətləri dünya dövlətlərinin ümumi ərazisinin 73 %-də tam formalaşıb. Qeyd olunması yerinə düşərdi ki, bu ərazilərdə yaşayan əhalinin sayı dünya əhalisinin 74 %-ni təşkil edir və dünya üzrə ümumi daxili məhsulun 93 %-i həmin ölkələrin payına düşür.

Azərbaycanda da qeyri-neft sektorunda aparılan islahatlar sürətləndikcə, əhalinin sosial rifahının yüksəldilməsi ilə yanaşı, elektrik və istilik enerjisi, həmçinin təbii qaz təchizatı sahələrində etibarlılığın, dayanıqlılığın, keyfiyyətin yüksəldilməsi və əlçatanlığın təmin edilməsi üçün vahid tənzimləyici qurumun yaradılması zərurətə çevrildi.

2017-ci ilin 22 dekabrında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin müvafiq Fərmanı ilə publik hüquqi şəxs statusu ilə Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb. Məhz bu dövrdən başlayaraq strateji məsələyə - tənzimləyicinin hərəkətverici qüvvəsi olan peşəkar və müasir tələblərə cavab verən kadr potensialının yaradılmasına start verilib. Açıq elanlar və müsahibələr yolu ilə işə qəbul prosesləri təşkil edilib. Müsahibələrdə mən özüm də iştirak edirdim. Kadr seçimi proseslərinin sonunda dövlət və özəl sektorda çalışmış mütəxəssislərdən ibarət güclü komanda formalaşdırmağa nail olduq. Bu gün əminliklə deyə bilərik ki, sıralarımıza peşəkar, yerli və xarici universitetlərdə təhsil almış mütəxəssislər qoşulub və Agentliyimizin bilik və bacarıqlarına güc qatacaq yeni kadrlar qoşulmaqda davam edir.

Agentlik fəaliyyət dairəsinin genişləndirilməsində də əhəmiyyətli nailiyyətlər əldə edib. EMTA hazırda Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və İmişlidə yerləşən 11 filialı ilə fəaliyyət göstərir. Fəxrlə deyə bilərik ki, 2021-ci ildən başlayaraq Agentliyin Gəncə, Mingəçevir və İmişli filiallarının əsasnamələrində dəyişiklik edilərək onların fəaliyyəti işğaldan azad olunmuş ərazilərimizi də əhatə etməyə başlayıb.

Bundan başqa qeyd etmək istərdim ki, Agentliyin nümayəndəsinin sədrliyi ilə bölgələrdə kiçik və orta sahibkarlıq subyektlərinin, həmçinin məişət istehlakçılarının elektrik təchizatı şəbəkələrinə qoşulması prosedurlarının sadələşdirilməsi, eləcə də vətəndaş məmnunluğunun, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin və əlçatanlığının daha da artırılması üçün 19 Texniki Şura yaradılıb. Bu Texniki Şuralar Bakıdakı 2 “ASAN Kommunal”, regionlardakı 15 “ASAN xidmət” mərkəzlərində, eləcə də Xaçmaz və Yevlax KOB evlərində sahibkarlara xidmət göstərirlər. Elektrik və qaz təchizatı şəbəkələrinə qoşulmanı əlçatan etməklə yanaşı, müvafiq sahədə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və digər proqramların hazırlanmasında və həyata keçirilməsində də yaxından iştirak edilir.

- EMTA-nın əsas fəaliyyət istiqamətləri olan tənzimləmə və nəzarət barədə danışaq. Bu sahələrdə əsas məqsəd nədir?

- Yəqin ki, “tənzimləmə”, “tənzimləyici” sözləri oxuculara tanışdır. “Enerji sahəsində tənzimləyici” ifadəsini isə vətəndaşlar daha çox bizim fəaliyyətimiz barədə məlumat əldə edərkən eşidiblər. Agentlik elektrik və istilik enerjisi, həmçinin qaz təchizatı sahələrində fəaliyyət göstərən “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İB, “Azəristiliktəchizat” ASC və digər müəssisələrlə istehlakçılar arasında münasibətləri tənzimləyir. Həmçinin, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarət edir, daha əvvəl qeyd etdiyimiz müəssisələr və istehlakçılar arasında tarazlıq yaradır və tərəflər arasında əmələ gələn hər hansı bir mübahisəni həll edən qərəzsiz vasitəçi rolunu oynayır, istehsalçı-istehlakçı maraqlarının qorunması üçün tədbirlər həyata keçirir. Bu, xarici praktikada da belədir. Tənzimləmə və dövlət nəzarətini həyata keçirməkdə məqsəd şəffaflıq, obyektivlik və qərəzsizlik prinsiplərinə uyğun olaraq, kommunal xidmətləri həyata keçirən qurumlar tərəfindən istehlakçılara keyfiyyətli, etibarlı və əlçatan kommunal xidmətlər göstərilməsini təmin etməkdir. Hesab edirəm ki, ötən dövr ərzində müəyyən qədər bu məqsədə nail ola bilmişik.

- İstehlakçıların hüquqlarının qorunması, onların müraciətlərinin araşdırılmasında tənzimləyicinin rolu nədən ibarətdir?

- Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sosial-iqtisadi siyasətin çox vacib komponentidir. Agentlik tənzimləyici qurum olaraq tənzimlənən müəssisələrin xidmət göstərdikləri istehlakçıların hüquqlarını qoruyur. Həmin müəssisələr barədə istehlakçılardan daxil olan hər bir şikayət və ya müraciət fərdi qaydada araşdırılır. Yeri gəlmişkən, istehlakçılardan müraciətlər bizə müxtəlif vasitələrlə - Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, filiallar, Agentliyin elektron ünvanı, sosial media və s. daxil olur. Müraciət imkanları daim təkmilləşdirilir, hər bir müraciət operativ şəkildə araşdırılır və həlli istiqamətində tədbirlər görülür. Həmçinin, daxil olan müraciət və şikayətlər üzrə hesabatlar hər ay, rüb və ilin sonunda ictimaiyyətə açıqlanır.

- Kommunal xidmətlər sahəsində istehlakçıların məlumatlarının vahid sistemdə toplanması və ya rəqəmsallaşdırılması baxımından Agentlik tərəfindən hansı yeniliklərin tətbiqi nəzərdə tutulub?

- Digər sahələrdə olduğu kimi, ölkəmizin enerji sektorunun dövlət tənzimləmə, o cümlədən nəzarət sahəsində də biznes proseslərinin optimallaşdırılmasına yönəlmiş innovativ layihələrin işlənilib hazırlanmasına və tətbiq edilməsinə başlanılıb. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanında nəzərdə tutulmuş "Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi" (KXVİS) layihəsini misal gətirmək olar.

Qeyd edək ki, Agentlik 2020-ci ildə KXVİS-in yaradılması üçün tərtib olunmuş Texniki Tapşırıq layihəsinin təkmilləşdirilməsində iştirak edib. Həmin layihə hər bir istehlakçı və hər bir tənzimləmə subyekti üçün şəxsi kabinetlərin yaradılmasını, prosedurların azaldılmasını və elektronlaşdırılmasını nəzərdə tutur. Hesab edirəm ki, bu layihə enerji tənzimləmə məsələləri üçün müasir texnologiyalar baxımından geniş imkan yaradacaq.

- Agentlik hansı beynəlxalq və xarici qurumlarla əməkdaşlıq edir?

- EMTA beynəlxalq əməkdaşlıqda ilk addım kimi Energetika Tənzimləyicilərinin Regional Assosiasiyası (ERRA) ilə işgüzar əlaqələr yaradıb və 2018-ci ildən qurumun assosiativ üzvü seçilib, bir sıra ölkələrin enerji tənzimləyiciləri ilə sıx əlaqələr qurub və bu qurumlarla mütəmadi olaraq təcrübə mübadiləsi aparıb. Həmçinin, EMTA Avropa Energetika Tənzimləyiciləri Şurası (CEER), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və sair kimi nüfuzlu beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edir.

Bu illər ərzində enerji məsələlərini tənzimləmə sahəsində Avropa təcrübəsinin öyrənilməsi və müvafiq sahədə milli qanunvericiliyin uyğunlaşdırılması təşəbbüsləri də əsas beynəlxalq fəaliyyət istiqamətlərimizdən olub. 2020-ci ildə Türkiyə və Bolqarıstanın enerji məsələləri üzrə tənzimləyicilər ilə əməkdaşlıq haqqında protokollar imzalanıb. Qurumlar arasında elektrik enerjisi və təbii qaz təchizatı sahəsində dayanıqlı tənzimləmə bazasının yaradılması, tənzimlənən sahədə bazarların inkişafı üçün seminarlar, ikitərəfli görüşlər, təlimlər, mütəxəssis və təcrübə mübadiləsinin aparılmasına dair razılığa gəlinib.

- Yeri gəlmişkən, fəaliyyətinizdə hansı ölkələrin təcrübəsindən yararlanırsınız?

- ABŞ, Almaniya, Bolqarıstan, Böyük Britaniya, Filippin, Gürcüstan, Koreya, Qazaxıstan, Latviya, Macarıstan, Malaziya, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna kimi ölkələrin enerji tənzimləmə məsələləri sahəsindəki təcrübələrini öyrənirik.

Mütəxəssislərimiz tənzimlənən sahədə bazar islahatları, təmiz enerji, enerji itkiləri, kommunal xidmətlər, biznes təhlillər və digər mövzularda keçirilmiş müxtəlif konfranslar, seminarlar, dəyirmi masalar, təlimlər və ixtisaslaşmış kurslarda mütəmadi olaraq iştirak edir, təcrübələrini bölüşürlər. Ümumiyyətlə, əməkdaşlarımızın bilik və bacarıqlarının artırılmasında əsas hədəfimiz rəqabət mühitli bazar münasibətləri qurulmuş ölkələrin qabaqcıl təcrübəsi ilə tanış olmaq, nəzəri-texniki bilikləri öyrənmək və o ölkələr ilə sıx təcrübə mübadiləsi aparmaqdır.

- Agentlik tərəfindən sahibkarlara hansı tövsiyələr verilir?

- Elektrik təsərrüfatında istifadə edilən qurğu və avadanlıqların (məsələn, transformator, elektrik xətləri və s.) mütəmadi olaraq ölçü-sınaq işlərinin aparılması zəruridir. Bu işlərin görülməsi müvafiq texniki reqlamentlərlə nəzərdə tutulub. Təcrübədə həmin tələblərə vaxtlı-vaxtında riayət edilməməsi qəzaların baş verməsinə gətirib çıxarır. Sahibkarlar qeyd olunan ölçü-sınaq işlərini lisenziyası olan istənilən müəssisəyə həvalə edə bilərlər.

- Agentliyin fəaliyyəti ilə bağlı qanunvericilikdə hansı islahatlar aparılır?

- Ölkəmizdə tənzimlənən sahədə tənzimləmə mexanizmlərinin tətbiq edilməsi, ilk növbədə, yerli qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılmasından keçir. Bu baxımdan, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Energetika Nazirliyi arasında 2017-ci ilin sentyabrında imzalanmış Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək layihəsinə dair Niyyət Protokolunun əhəmiyyəti böyükdür. Məhz bu layihə çərçivəsində Azərbaycanın energetika sahəsi üçün olduqca mühüm və strateji əhəmiyyət daşıyan qabaqcıl beynəlxalq təcrübəyə uyğun “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanun layihəsi hazırlanıb və hazırda razılaşdırılma mərhələsindədir.

EMTA tərəfindən hazırlanmış və razılaşdırılmış “Elektrik qurğularının quraşdırılması Qaydası”, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”, “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”, “Yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi Qaydası” adlı 5 layihə, Nazirlər Kabineti tərəfindən 2020-ci ilin sonlarında və 2021-ci ilin əvvəlində təsdiq edilib.

Yeri gəlmişkən, qeyd olunan qaydalar, Azərbaycanın müstəqillik dövründən bəri energetika sahəsində normativ-hüquqi akt səviyyəsində qəbul olunan fundamental texniki reqlamentlərə aiddir. Bütün bunlar müvafiq sahədə tənzimləməni, o cümlədən nəzarəti müasir tələblərə uyğun həyata keçirmək üçün çox əhəmiyyətlidir.

Agentliyin mütəxəssisləri, həmçinin, energetika sahəsini tənzimləyən digər önəmli sənədlərin - “Energetika haqqında” və “Qaz təchizatı haqqında” yeni Qanun layihələrinin, “Elektrik Şəbəkə Məcəlləsi”nin layihələrinin hazırlanmasında da fəal iştirak edir.

Son xəbərlər

Orphus sistemi